Qazaxda Vətən müharibəsi şəhidi Elfak Daşdəmirovun adını əbədiləşdirən bulağın açılışı olub
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Və bütün dünya 2020-ci ilin 10 noyabrında Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.
İllər ötsə belə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, o cümlədən 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımız hər zaman yad olunacaqdır. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq 24 yaşında Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elfak Daşdəmirovun əziz xatirəsi hər zaman ehtiramla anılır.
Avqustun 26-da Qazaxın Bakı istiqamətindən girişində (Obeliskin yanı) igid Vətən oğlunun adını əbədiləşdirən bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Səbinə Yusif, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhidimizin vaxtilə təhsil aldığı Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov, ibtidai sinif müəllimi Aynurə Alıyeva, Vətən müharibəsi qaziləri, mayor Xəyyam Əliyev, Səxavət Hacıməmmədov, şəhid ailələri, şəhidimizin tələbə yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.
Şəhdimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb. Tər qərənfillər düzülərək ruhuna dua oxunub, igid Vətən oğlunun əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Elfak kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elfakın xatirəsinin daim əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını bildirib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Elfakın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
24 yaşında Şəhidlik zirvəsinə ucalan Elfakın döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı onun qısa ömrünə yüz illərin qəhrəmanlığını sığdırdığını, illər ötsə belə dillərə dastan olacaq şücaət göstərdiyini bildirib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən"Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
"Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnəkdir. Nəinki dövlət məmuru, vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, daim onların ailələrinə qayğı göstərməlidir. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. Qazilərimizin əvvəlki sağlamlıqlarına qovuşmaları üçün dövlətimiz tərəfindən lazım olan bütün tədbirlərin həyata keçirildiyini bildirib. Qazilərimizin yüksək səviyyədə müalicə olunmaları üçün xarici ölkələrə göndərildiyini qeyd edib.
İcra başçısı dövlətimizin və ölkə başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib.
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Hazırda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu, hörgü işlərinin başa çatdığını qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan N.Alıyev Vətən, yurd, el-oba sevgisinin onların qanlarında olduğunu, kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə almalarından irəli gəldiyini qeyd edib. Qazaxın girişində inşa olunan bulağın Elfakın timsalında, bütün şəhidlərimiz, igid oğullarımız haqqında məlumat verdiyini, bu bulağın suyundan içən hər kəsin şəhidimizi ehtiramla yad edəcəyini bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək 44 günlük Vətən müharibəsinin bütün dünyaya səs saldığını qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. B.Vüsal bildirib ki, xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın yanında olmaları sayəsində 44 günlük savaşda Qələbə bizim oldu. Şair çıxışının sonunda qəhrəman şəhidlərimizə yazdığı "Bizim şəhidlər” adlı şeirini söyləyərək onların əziz xatirəsini ehtiramla yad edib.
"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Səbinə Yusif çıxış edərək tədbir iştirakçılarını və şəhidimizin ailəsini Birliyin İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədovun adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İctimai birlik olaraq hər zaman şəhid ailələrinin, qazilərimizin yanında olmağı, onlara qayğı göstərməyi qarşıya məqsəd qoyduqlarını, rayon rəhbərliyi ilə birgə bu sahədə görülən işlərə töhfə verməyə çalışdıqlarını vurğulayıb. “Şəhidlərimizin valideynləri bizlərin də əzizləridir”, - deyən S.Yusif bütün şəhid atalarının, analarının qarşısında baş əydiyini söyləyib. Şair Barat Vüsalın “Şuşanı alan oğullar” adlı şeirini səsləndirərək bütün qəhrəman şəhidlərimizi ehtiramla yad edib.
Şəhidimizin vaxtilə təhsil aldığı Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov çıxış edərək Elfaq Daşdəmirovun məktəbdə tərbiyəsi, əxlaqı, səliqə-sahmanı ilə seçilən, nümunəvi bir şagird olduğunu, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyini, öz həmyaşıdlarından həmişə vətənpərvərliyi ilə seçildiyini söyləyib. Bu gün Elfakın bizim aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını, məktəb direktoru kimi belə igid bir şagirdi olduğu üçün fəxr etdiyini dilə gətirib.
Vətən müharibəsi iştirakçılarından Səxavət Hacıməmmədov çıxış edərək qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla yad edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə görə başda Ali Baş Komandan olmaqla şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bir daha diqqətə çatdırıb. “Şəhidlərimizin valideynləri bizim valideynlərimiz, biz də onların övladlarıyıq”, - deyən S.Hacıməmmədov qazi olaraq hər zaman şəhidlərimizin ailələrinin qulluğunda durmağa hazır olduğunu söyləyib.
Şair Qurban Hüseyn çıxış edərək 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimizi bildirib. Bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin ailələri ilə yanaşı hər kəsin onlarla qürur duyduğunu bildirib. Şəhidlərimizin xatirəsinə silsilə şeirlər yazdığını, əsərlər həsr etdiyini, şəhidlərimizə olan ehtiramını öz əsərləri ilə çatdırdığını vurğulayıb.
Şəhidimizin yaxın qohumu Sakit Daşdəmirov çıxış edərək şəhidimizin əziz xatirəsini ehtiramla yad edib. Şəhidimizin keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlığın yetişməkdə olan gənc nəsil üçün əsl məktəb, örnək olduğunu söyləyib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib.
Şəhid atası Eltun Daşdəmirov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Elfakın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Elfakla və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Elfak və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu
Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgər Elfak Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Elfak Daşdəmirovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.