Qazaxda koronavirus əleyhinə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.
Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə yetirilir.
Son vaxtlar ölkədə, eləcə də rayonda koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, son günlər ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayındakı artım nəzərə alınaraq rayonda bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib.
Bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-də səhər saatlarından etibarən şəhərin mərkəzindəki prospekt, küçə, və yollarda, həmçinin əhalinin sıxlıq etdiyi parklarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Dezinfeksiya işləri Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən təşkil ediləcək. Prospekt və küçələr, parklar əməkdaşlar tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla əl aparatı və maşın vasitəsilə dezinfeksiya olunacaq.
Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ehtiyatlı olmaları xahiş olunur.