Qazax: Əbədiləşən şəhidlərimiz
44 günlük Vətən müharibəsində iştirak edən və şəhidlik zirvəsinə yüksələn Vətən oğullarından biri də leytenant Bayramlı Elmar İsa oğludur. Yaşasaydı 23 yaşını qeyd edəcəkdi qəhrəman döyüşçümüz. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi Elmar Bayramlının doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib. Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və tədbirə toplaşanlar şəhidimizin dəfn olunduğu Yuxarı Salahlı kənd qəbiristanlığında məzarına tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar. Torpaq uğrunda canından keçən igid Vətən oğlunun ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib.
Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən danışan rayon rəhbəri həmin qələbədə payı olan Elmar kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış “Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan olduğunu söyləyib. Hazırda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib.
Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının, eləcə də Elmar kimi minlərlə qəhrəman oğullarımızın dövlət, xalq, ölkəmizin suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdiklərini vurğulayıb. Hər birimizin başını uca edən övladı Rövşən və Elmar kimi igid oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib.
Şəhid atası İsa Bayramov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Elmarın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
Şəhidin babası Əhməd Süleymanov da dövlətimiz tərəfindən şəhidlərimizin, qazilərimizin ailələrinə göstərilən qayğıdan razılığını bildirib.
Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
5 sentyabr 2021-ci il