Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilinə yeni məktəbdə

15 sentyabr 2016 | 16:00

Azərbaycan elminə və ədəbiyyatına, hərb sahəsinə görkəmli şəxsiyyətlər bəxş etmiş Yuxarı Salahlı kəndində məktəb binası olduqca yararsız halda idi. Burada müəllimlərin dərs deməsi, şagirdlərin elmin sirlərinə yiyələnməsi üçün demək olar ki, heç bir şərait yox idi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov Qazaxdakı tədris müəssisələri ilə tanış olarkən Yuxarı Salahlıdakı vəziyyət rayon rəhbərliyini ciddi narahat edirdi. Yaranmş çətin vəziyyətdən çıxmaq, mövcud problemi aradan qaldırmaq üçün cənab Rəcəb Babaşov konkret və çox ciddi addımlar atdı, bu məsələni respublikanın aidiyyəti qurumları qarşısında qaldırdı.  Çəkilən zəhmət öz bəhrəsini verdi və bir neçə ay bundan əvvəl Yuxarı Salahlı kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasına başlanıldı.
Yeni dərs ilinin ilk günündə Yuxarı Salahlı kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.  Rayon İcra Hakimiyyətinin başçısı  cənab Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Yuxarı Salahlı kənd sakinlərinə, valideynlərə, müəllim və şagirdlərə gözaydınlığı verərək onları səmimi qəlbdən təbrik etmişdir. Qeyd etmişdir ki, "Mən rayonumuzda təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Pedaqoji kollektivlərə, eləcə də şagirdlərə həmişə diqqət və qayğı göstərəcəyəm".
Daha sonra qeyd olunmuşdur ki, bu il yeni məktəbdə 462 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olacaqdır. Məktəbin ötən ildəki nəticələri rayon rəhbəri kimi məni qane etmir. Ümidvaram ki, gələn il bu məktəb də digər məktəblər kimi yüksək nəticələr əldə edəcəkdir. Rayon rəhbərliyi müəllim və şagirdləri "Bilik günü" münasibətilə  səmimi qəlbdən təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Sonra rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişlər.
Məktəbin direktoru Məhəmməd Qocayev söz alaraq onlara yaradılmış bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova müəllim, şagird və valideynlər adından təşəkkürünü bildirmişdir. Gələn il Yuxarı Salahlı kənd tam orta məktəbin təhsil sahəsində daha yüksək göstəricilərə nail olacağına söz vermişdir.
Sonra məktəblilərin ifasında Azərbaycanın Dövlət Himni səslənmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov məktəbin açılışını bildirən lenti kəsdikdən sonra məktəblə yaxından tanış olmuşdur. Sinif otaqlarına, laboratoriya və kabinetlərə, akt və idman zallarına, kitabxanaya baxdıqdan sonra razılığını bildirmiş, burada yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov yeni dərs ilində Səlim Əfəndiyev adına Qazax şəhər 1 saylı tam orta məktəbində də olmuş, müəllim və şagirdlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibətilə onları səmimi qəlbdən təbrik etmişdir. Qeyd etmişdir ki, şəhər 1 saylı tam orta məktəb bu il qəbul imtahanlarında ən yüksək nəticə əldə etmişdir. Bu, məktəbdə təlim və tədrisin yüksək səviyyədə olmasından xəbər verir. Ümidvaram ki, bu göstərici gələn il daha da artacaqdır.
Bu il ilk dəfə məktəbə qədəm qoyan birincilər İcra Başçısının qarşısında çıxış edərək Vətənə, Torpağa və Sülhə həsr olunmuş şeirlər söyləmişlər.
Məktəbin direktoru Bəsti Ələkbərova çıxış edərək pedaqoji kollektiv adından onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər