Qazaxda Vətən müharibəsi şəhidi Emil Kərimovun doğum günü qeyd olunub
Şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə ucalmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. 2020-ci ilin 27 sentyabrda başlayan Vətən müharibəsində, haqq savaşımızda igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə, ölümün gözünə dik baxaraq torpaq uğrunda canlarından keçməklə bunu bir daha sübut etdilər. 44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirərək torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsində, İkinci Qarabağ savaşında ordumuzun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları əsl qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlə yanaşı, bütün dünyaya göstərdilər. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər.
Şəhid əsgər Kərimov Emil İlqar oğlu da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsinə qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Və bu gün Emil Kərimov kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır...
Bu gün yaşasaydı 28 yaşını qeyd edəcəkdi igid Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Emil Kərimovun doğum gününü bu gün ailəsi ilə bərabər yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da qəhrəman şəhidimizin doğum günündə böyüyüb boya-başa çatdığı İkinci Şıxlı kəndinə gələrək məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla anıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, Vətən müharibəsi qazilərindən mayor Xəyyam Əliyev, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun doğum günündə ona olan ehtiramlarını bildiriblər.
Əvvəlcə qəhrəman şəhidimizin kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra Vətən müharibəsi şəhidləri Kərimov Emil İlqar oğlunun və Omarov Elmar Elvar oğlunun xatirəsini əbədiləşdirən bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, tər qərənfillər düzülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Emil Kərimovun təkcə doğulduğu İkinci Şıxlı kəndinin, elinin-obasının deyil, bütövlükdə Azərbaycanın oğlu olduğunu və onun kimi igid Vətən oğullarının hər birimiz üçün örnək olduğunu bildirib. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini qeyd edib.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən də danışıb. Şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını qeyd edib. 27 yaşında Şəhidlik zirvəsinə ucalan Emilin döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı onun qısa ömrünə yüz illərin dastanını yazdığını, illər ötsə belə həmin dastanın gələcək nəsillərə örnək olacağını söyləyib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Emil kimi qəhrəmanlarımızın sayəsində bütün şəhidlərimizin qisasının alındığını vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
"Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir. İstər dövlət məmuru olsun, istərsə də vicdanı olan hər bir kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, onların ailələrini daim diqqətdə saxlamalıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin doğum günündə və xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Rayon rəhbəri açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib. Vətənin azadlığını canından üstün tutan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, illər ötsə belə ən ülvi hisslərlə anılacaqlarını söyləyib.
Şəhidimizin vaxtilə təhsil aldığı Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktor müavini Ağca İsmayılova, şəhidimizə dərs demiş məktəbin ibtidai sinif müəllimi Pərvanə Musayeva çıxış edərək məktəbdə tərbiyəsi, əxlaqı, səliqə-sahmanı, vətənpərvərliyi ilə seçilən Emilin bu gün aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını, məktəb kollektivi olaraq igid şagirdləri ilə fəxr etdiklərini, ruhu qarşısında baş əydiklərini dilə gətiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin və Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid atası İlqar Kərimov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Emilin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Emil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Şəhid əsgər Kərimov Emil İlqar oğlu
Şəhid Emil Kərimov 7 sentyabr 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprel ayında tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgər Kərimov Emil İlqar oğlu 25 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulub boya-başa çatdığı İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, iki azyaşlı - Nazənin adlı qız, Amin adlı oğlan övladı yadigar qalıb.
Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Emil Kərimov kimi xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullarımızla təkcə Qazax eli deyil, bütün xalq qürur duyur. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!. Ruhun qarşısında baş əyirik.