Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi iştirakçısı Röyal Kərimovun evində aparılan təmir işləri ilə tanış olub

10 sentyabr 2021 | 16:00

Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanı, şanlı ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən haqq savaşımız Qarabağın, Şuşanın, eləcə də düşmən tapdağında olan digər rayonlarımızın işğaldan azad edilməsi ilə başa çatdı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu göstərdi. Və biz bu Qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi bahasına əldə etdik. Vətəndaş olaraq hər birimizin borcu tarixi Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək, onlara sahib çıxmaqdır. 30 illik həsrətdən sonra torpaqlarımızı düşmən tapdağından azad edən Ali Baş Komandana, əsgər və zabitlərimizə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş igid oğullarımızdan biri də Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğludur.
Oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da örnək götürülür.  Bu amili hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır. Bütün qazilərimiz kimi Röyal Kərimov da dövlətin qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir ki, bu gün qazimizin yaşadığı ev əsaslı şəkildə yenidən qurulur.
Bu gün rayon rəhbərliyi qazimizin evində aparılan təmir işləri ilə tanış olub, mövcud vəziyyətlə maraqlanıb. Görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, evin hörgü və suvaq işləri yekunlaşıb, dam örtüyü, eləcə də otaqlarda tavan vurulub. Döşəmə vurulması üçün hazırlıq işlərinə start verilib. Qapı və pəncərələr də yaxın zamanda qoyulacaq.
İcra başçısı işlərin sürətləndirilməsini bildirib və müvafiq tapşırıqlarını verib.
Məlumat üçün qeyd edək ki, Röyal Kərimov 19 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci il iyul ayının 17-də xidmətini başa vurub. Həmin gündən də “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 29.10.2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədələnib. Əməliyyat olunaraq sol böyrəyi, dalağı, mədəaltı vəzin 1/3 hissəsi çıxarılıb. YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilib. Hazırda Türkiyədən qayıdaraq ev şəraitində müalicə alır. Ailəlidir.
Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər