Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olub

11 sentyabr 2021 | 16:00

Qərbin qapısı kimi tanınan, tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə bütün aləmə, yaxına, uzağa səs salan, sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacaran Qazaxda bu gün daha bir tarixi gün yaşanıb.
Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Xalq yazıçısının övladları Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru  Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna", "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakıdan qonaq gəlmiş Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, “Bakı Press klubu”nun prezidenti Arif Əliyev, “Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü Tahir Tahiroviç (Əliyev), rəssam Qafar Sarıvəlli, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən professor Məti Osmanoğlu, şair Rəfayıl İncəyurd, Səbinə Yusif, Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli, polkovnik Elçin Məmmədov, idarə, müəssisə rəhbərləri, ziyalılar, məktəb direktorları, ağsaqqallar, AYB-nin üzvləri, Xalq yazıçısının adını daşıyan məktəbin müəllimləri, kənddə yaşayan qohumları, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xalq yazıçısının xatirəsini əbədiləşdirən büstün açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib. İcra başçısı Rəcəb Babaşov ziyalılarımız akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədovun səmimi təbriklərini və ürək sözlərini çatdırıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncam təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər oldu. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncamdır ki, ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir.
Rayon rəhbəri Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Rayon rəhbəri qeyd edib ki, xoşbəxt insan o şəxsdir ki, özündən sonra iz qoyur və əbədi qəlblərdə yaşayır. “İsmayıl Şıxlı şəxsiyyəti də məhz elə insanlardandır”, - deyən icra başçısı özündən sonra iz qoymuş böyük insanın həyat və yaradıcılığından söz açıb.
Ulu Öndərin Xalq yazıçısına verdiyi qiymətdən danışan icra başçısı Ümummilli Liderin İsmayıl Şıxlının 75 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamdan, ünvanladığı təbrik məktubundan söz açıb. İcra başçısı bildirib ki, Ulu Öndərin təbrik məktubunda da qeyd edildiyi kimi, İsmayıl Şıxlı istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salıb. Belə bir sevgiyə layiq görülmək ən böyük səadətdir. Rayon rəhbəri qeyd edib ki, vaxtilə Ulu Öndərin qiymət verdiyi İsmayıl Şıxlının 2019-cu ildə 100 illiyinin qeyd olunması bir daha onu sübut etdi ki, o, görkəmli şəxsiyyət özündən sonra çox dərin bir iz qoymuşdur. Ölkə başçısı imzaladığı Sərəncamla göstərdi ki, illər keçsə, qərinələr dolansa da İsmayıl Şıxlı yubileyi qeyd olunmalı şəxsiyyətdir. İcra başçısı bildirib ki, bu gün biz fəxr etməliyik ki, Ulu Öndərin qiymət verdiyi, ölkə başçısının yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var.
İcra başçısı bildirib ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət o oldu ki, ölkə başçısının diqqət və qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən quruldu. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində bu gün qarşısında büstünün açılışına toplaşdığımız məktəb binası yenidən quruldu. Bu, Xalq yazıçısının 100 illik yubileyinə daha bir töhfə oldu.
Son illər rayonda, eləcə də Kosalar kəndində aparılan abadlıq işlərindən söz açan icra başçısı həyata keçirilən bütün layihələrin təməlində ölkə başçısının yürütdüyü məqsədyönlü dövlət siyasətinin, verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Kosalar kəndi bu gün genişmiqyaslı quruculuq işləri aparılan o kəndlərdəndir ki, bu gün təmirli uşaq bağçaları, məktəbi var. Müasir avtomobil yolu çəkilib. Kənd sakinləri ilə keçirilən hər bir görüş və orada səslənən müraciətlər, qaldırılan məsələlər köklü şəkildə öz müsbət həllini tapıb”, - deyən rayon rəhbəri bu kənddə yaşayan sakinlərə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən də danışıb. Şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını qeyd edib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sayəsində bütün şəhidlərimizin qisasının alındığını vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha diqqətə çatdırıb.
İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını və qonaqları bir daha əlamətdar gün, İsmayıl Şıxlı bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.
Daha sonra şair Barat Vüsal ölkə Prezidentinin İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan sonra Qazax rayonunda görülmüş işlərdən, Xalq yazıçısının həyat və yaradıcılığından danışaraq ətraflı məlumat verib.
B.Vüsal Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan 28 yanvar 2019-cu il tarixli Sərəncamın Qazaxda layiqincə icra olunduğunu söyləyib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli Sərəncam imzalayaraq rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.
Xalq yazıçısının 100 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və dəstəyi ilə “Dəli Kür ömrü” adlı kitabın çap olunduğunu, büstünün hazırlandığını minnətdarlıq hissi ilə qeyd edib.
Keçirilmiş tədbirləri tarixləri ilə diqqətə çatdıran şair həmin tədbirlərin il boyu davam etdirildiyini vurğulayıb. 15 aprel 2019-cu ildə Tədbirlər Planına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən meyvə bağı salındığını, İkinci Şıxlı kəndində “Ağalıq düzü” deyilən və Xalq yazıçısının babalarının yurd yeri olan ərazidə alma və ərik ağacları əkildiyini qeyd edib.
25 aprel 2019-cu il tarixdə BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfransın keçirildiyini, 02.05.2019-cu il tarixdə isə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyini vurğulayıb.
21 may 2019-cu il tarixdə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən görkəmli ədibin yubileyi ilə əlaqədar tərtib edilmiş Tədbirlər Planına əsasən Gənclər Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə ədəbi-bədii gecə təşkil olunduğunu qeyd edib.
30 may 2019-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə keçirilən tədbirdə qazaxlı ziyalılardan ibarət nümayəndə heyətinin iştirak etdiyini bildirib.
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin, Tarix-Diyarşünaslıq Muzeyində, Ədəbiyyat Muzeyində, Heydər Əliyev Mərkəzində müxtəlif növ tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.
13.04.2019-cu il tarixdə Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş məktəblilərin ekskursiyasının təşkil olunduğunu, 05.05.2019-cu il tarixdə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbin müəllim-şagird kollektivinin Qazaxda olduğunu söyləyib. 20-23.05.2019-cu il tarixdə Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında bilik yarışının keçirildiyini, 23.05.2019-cu il tarixdə Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının əsərlərindən parçaların ingilis, rus, fransız və alman dillərində təqdim olunduğunu bildirib.
12.06.2019-cu il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş Türkdilli ölkələrin rəssamlarının sərgisinin təşkil olunduğunu, həmçinin breyn-rinq, məqalə və rəsm müsabiqəsi qaliblərinin mükafatlandırıldığını diqqətə çatdırıb.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq yazıçısı ilə bağlı dəyərli fikirlərini bölüşüb. Natiq çıxışında İsmayıl Şıxlının təkcə şəxsiyyət, yaradıcılıq etibarı ilə deyil, onları bütöv şəkildə birləşdirən Azərbaycanın təmsilçisi, onun Azərbaycan kişiliyinin timsalı olduğunu bildirib. Qeyd edib ki, tarixdə o şəxsiyyətlər qalır ki, millətin ruhunu gözəl şəkildə ifadə edə bilsin. İsmayıl Şıxlı xalqın yazıçısı idi. Ən çətin məqamlarda hər zaman öndə dayanar, xalqın sözünü deyərdi. Özünün düşüncəsi, təfəkkürü, xarakteri, cəsurluğu, bütün varlığı ilə xalqın yanında olardı. İsmayıl Şıxlı xalqın sözünü deyən insan idi. Belə bir şəxsiyyətin dövlət və xalq tərəfindən bu dərəcədə qiymətləndirilməsi heç də təsadüfi deyil. İsmayıl Şıxlı şəxsiyyəti ən yüksək və ali qiymətə, dəyərə layiqdir. Rayon rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət” ordenli Natiq Əliyevin hazırladığı büst Xalq yazıçısına verilən qiymətin daha bir bariz nümunəsidir.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, “Bakı Press Klubu”nun prezidenti Arif Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Natiq çıxışında İsmayıl Şıxlının bizi milli, mənəvi dəyərlərə, tarixi ənənələrə kökləyən, torpağa, Vətənə bağlayan insanlardan olduğunu söyləyib. 
"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən BDU-nun müəllimi, professor Məti Osmanoğlu çıxış edərək Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşüb. Azərbaycan Yazıçılar Birliyində (İttifaqında) işlədiyi ilk gündən İsmayıl Şıxlını yazıçı kimi izlədiyini, yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyini bildirib. Yaşından asılı olmayaraq hər kəsin İsmayıl Şıxlını özünə ağsaqqal hesab etdiyini qeyd edib. Vurğulayıb ki, Xalq yazıçısının ibrətamiz hekayəsi olan “Məni itirməyin” hekayəsində qələmə aldığı sözlərdən, bizlərə çatdırdığı dəyərli fikirlərdən aydın şəkildə görmək olur ki, İsmayıl Şıxlı xalqın vicdan etalonu idi. Onun yaratdığı obrazlarda Azərbaycan xalqının düşüncəsinə, psixologiyasına təsir göstərdiyini qeyd edib.
“Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov çıxış edərək Qazaxın yalnız Azərbaycanın deyil, ümumtürk söz, sənət dünyasının ocağı, ədəbi mərkəzi olduğunu bildirib. Orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi kimi həmin dərsliklərdə İsmayıl Şıxlı yaradıcılığına geniş yer ayırdığını bildirib. İsmayıl Şıxlı əsərlərinin gələcək nəsillərə çatdırılmasında, yayılmasında rəhbərlik etdiyi nəşriyyat olaraq hər zaman böyük səylə çalışdıqlarını söyləyib.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində görülmüş işlərdən danışıb. Ölkə başçısının müvafiq Sərəncamından irəli gələn və Tədbirlər Planında əksini tapan bütün tədbirlərin təşkil olunduğunu, məktəblərdə Xalq yazıçısına həsr olunmuş guşələrin yaradıldığını, yarışların, rəsm sərgilərinin, inşa yazı müsabiqələrinin, ədəbi-bədii gecələrin, yubiley tədbirlərinin keçirildiyini söyləyib. İsmayıl Şıxlı ilə bağlı xatirələrindən danışan natiq onun həyat və yaradıcılığının bir məktəb olduğunu qeyd edib.
Kənd ağsaqqalı, Əməkdar idman müəllimi Tariyel Nəsibov çıxış edərək İsmayıl Şıxlı şəxsiyyətinə, yaradıcılığına verilən qiymətə, tədbirin təşkilinə görə kənd sakinləri adından əziyyəti keçən insanlara minnətdarlığını bildirib. Xalq yazıçısının adını daşıyan məktəbin yenidən qurulmasını və bu gün həyətində büstünün qoyulmasına görə razılığını ifadə edib.
"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən şair Rəfayıl İncəyurd çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Xalq yazıçısının xatirəsinə yazdığı şeiri ilə səmimi ürək sözlərini çatdırıb.
“Göyəzən” qəzetinin baş redaktoru, Xalq yazıçısına həsr olunmuş “Dəli Kür ömrü” kitabının müəllifi Elçin İsmayıl çıxış edərək kitabın necə ərsəyə gəlməsindən söz açıb. 330 səhifəlik kitabda Xalq yazıçısı ilə bağlı yazılmış 50 xatirənin toplandığını, İsmayıl Şıxlı şəxsiyyətinin ünvanına səslənən dəyərli fikirlərin yer aldığını diqqətə çatdırıb.
Xalq yazıçısının yaxınlarından bacısı oğlu, Kosalar kənd sakini, sazbənd Sabid Məmmədov çıxış edərək İsmayıl Şıxlı nəslinin davamçıları kimi onun yaradıcılığına, şəxsiyyətinə verilən böyük qiymətə görə başda ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla hər kəsə bir daha minnətdarlığını bildirib. Saz, söz adamlarına, şairlərə, yazıçılara, aşıqlara, bütövlükdə, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə verdiyi dəyərə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.
"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən Səbinə Yusif şair Barat Vüsalın Xalq yazıçısının xatirəsinə həsr etdiyi “Barışıq” şeirini səsləndirərək İsmayıl Şıxlıya olan ehtiramını bildirib. 
Tədbirdə Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin 4-cü sinif şagirdi Xədicə Qasımlı Eldar Nəsibli Sibirelin “İsmayıl Şıxlı”, 2-ci sinif şagirdi Aymən Əsədzadə Tofiq Bayramın “Vicdan imtahanı”, 7-ci sinif şagirdi Səfa Əliyeva N.Həsənzadənin “Öldü deməyin ona” şeirlərini səsləndiriblər.
Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək atası ilə bağlı xatirələrindən danışıb. Atasının adını daşıyan məktəbin, maarif ocağının əsaslı şəkildə yenidən qurulmasına və həyətində büstünün qoyulmasına görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Büstün müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət” ordenli Natiq Əliyevə ailəsi adından minnətdarlığını bildirib.

 

Keçidlər