Qazaxda prospekt və küçələr koronavirus əleyhinə növbəti dəfə dezinfeksiya olunub
Son vaxtlar ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.
Qazaxda da son günlər ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayındakı artım nəzərə alınaraq bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib.
Genişmiqyaslı tədbirlər çərçivəsində Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən sentyabrın 12-də prospekt və küçələr növbəti dəfə dezinfeksiya olunub.
Dezinfeksiya işləri Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində aparılıb.
Qeyd edilən ərazilər Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla maşın vasitəsilə dezinfeksiya olunub.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər vətəndaşlar tərəfindən də minnətdarlıqla qarşılanır.