Qazaxda icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb
Sentyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.
Gənclər Mərkəzində keçirilən görüşdə Qazax RİH başçısı aparatının məsul işçiləri, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin müəllim kollektivi, məktəb direktorları, işçi qrupunun üzvləri, "Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, 600-dən yüksək bal toplayan tələbələlər, onların valideynləri, ibtidai sinif müəllimləri, sinif rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Gənclər Mərkəzində davam etdirilən tədbirdə öncə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə rayon ictimaiyyəti üçün əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb.
İcra başçısı bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. İcra başçısı qeyd edib ki, həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Rayon rəhbəri təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikanın hər yerində olduğu kimi, rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb. İcra başçısı qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir ki, bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Demək olar ki, məktəbdə son tamamlanma işləri aparılır.
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən qarşıya bir məqsəd qoyuldu ki, o da rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdirilməsi oldu. İlk gündən çalışdıq ki, təhsil sahəsində əldə etdiyimiz uğur və nailiyyətlərin göstəricisi həmişə yüksək olsun. Ən əsası isə odur ki, bu istəyimizin reallaşması Qazaxda mümkün idi. Ona görə mümkün idi ki, Qazax ziyalılar yurdudur. Bundan başqa, bu gün Qazaxda təhsil sahəsində tam şəffaflıqdır. Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, təhsil sahəsinə göstərilən dövlət qayğısını məzunlarımız da ən yüksək balI toplayaraq onlara olan etimadı doğrultmağa çalışırlar. Bugünkü görüşdə iştirak edən məzunlarımızın əldə etdikləri uğurlar bütün dediklərimizin bariz nümunəsidir. Bu gün həmin məzunlar bir daha sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət dayanır. Onlar öz məsuliyyətlərini dərk edərək Qazaxın, təhsil aldıqları məktəblərin, dərs deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz uğurları ilə hər birinin sevincinə səbəb oldular.
İcra başçısı təhsil sahəsinə göstərilən dövlət qayğısını doğruldan məktəblərin adını qeyd edərək qəbul imtahanlarında yüksək nəticə göstərən həmin məktəblərə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbi (80%), M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi (67,24), S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbi (62,23%), F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəbi (61,29%), Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi (60%), S.Vurğun adına 2 nömrəli tam orta məktəbi (58,62%), S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbi (58,33%), S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbi (57,14%), V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi (54,28%), Aslanbəyli kənd tam orta məktəbi (50%), A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbi (50%) nümunə göstərib. Son 3 tədris ilində məktəblər üzrə 600 baldan yuxarı nəticələri qeyd edən icra başçısı S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbi və M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi nümunəvi məktəblər kimi qeyd edib.
İcra başçısı göstərilən diqqət və qayğını doğrultmayan məktəblərin də adlarını qeyd edib. Qəbul imtahanlarında aşağı nəticə göstərən N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin (28,57%), A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin (27,27%), A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbin (25%), N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin (24,24%), Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin (24,13%), E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin (22,85%), Y.Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin (20%), R.Mirzəliyev adına Alpout kənd tam orta məktəbin (12,50%), A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin (12,18%), M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin (0,00 %) adlarını təəssüf hissi qeyd edən rayon rəhbəri həmin məktəblərin rəhbərlərinə iradlarını bildirərək növbəti tədris ilində dönüş yaratmalarını qeyd edib.
Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək tələbə adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını çatdırıb. “Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir”, - deyən N.Babanlı ölkə Prezidentinin öz çıxışlarında “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini təhsilə olan ən yüksək qayğı kimi qiymətləndirib. Gənclərə bu kapitalın onlar olduğunu, xalqımızın öz gələcəyini onlar kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar etdiyini bildirib. Builki nəticələr barədə məlumat verən N.Babanlı 2020-2021-ci tədris ilində Qazax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində 34 tam orta məktəb üzrə 718 nəfərin 11-ci sinifi bitirdiyini, onlardan 560 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. 362 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçid balını topladığını, 33 məktəb üzrə 320 nəfərin tələbə adını qazandığını qeyd edib. Tələbələrdən 8 nəfərin 600 baldan, 46 nəfərin 500 baldan, 69 nəfərin 400 baldan, 79 nəfərin 300 baldan, 87 nəfəri 200 baldan, 31 nəfəri isə 100 baldan yuxarı nəticə göstərdiyini bildirib.
S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru, hazırda təqaüdçü müəllim Bəsdi Ələkbərova çıxış edərək tələbə adını qazanan məzunları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Məktəbdə 790 nəfər şagirdin təlim-tərbiyəsi ilə 76 nəfər müəllimin və 24 nəfər texniki işçinin məşğul olduğunu bildirib. Bu tədris ilində 68 nəfər şagirdin 11-ci sinifi bitirdiyini, onlardan 62 nəfərin ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini qeyd edib. 44 nəfər məzunun ali məktəblərə, 2 nəfərin tibb texnikumuna, 6 nəfərin isə kolleclərə daxil olaraq tələbə adını qazandığını bildirib. 10 nəfər məzunun 500 baldan yuxarı nəticə göstərdiyini vurğulayıb. Məktəbin yüksək nəticə göstərən məzunları 675 bal toplamış Mustafalı Səid Vüsal oğlunu və 664 bal toplamış Mirzəyeva Leyla İlham qızını təbrik edərək onların timsalında tələbə adını daşıyan bütün məzunlara uğurlar arzulayıb.
M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tələbə adını qazanan məzunlara səmimi ürək sözlərini çatdırıb. Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən söz açan T.Comərdova həmin müharibədə iştirak edən və tarix yazan oğulların arasında məktəb-liseyin məzunlarının da olduğunu bildirib. Məktəb-liseyin məzunları olmuş şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun əziz xatirəsini ehtiramla yad edib. Məktəbin məzunu olmuş Vətən müharibəsi iştirakçıları qazi Musayev Elfaq Sahib oğluna və Tanrıverdiyev Canpolad Ramiz oğluna cansağlığı arzu edib. Məktəbdə 6 nəfər şəhid övladının təhsil aldığını, onlara daim diqqət və qayğı göstərildiyini bildirib. Qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə, məktəbdə təhsil alan şagirdlərə çatdırmağı rəhbərlik etdiyi məktəbin kollektivi olaraq ən ümdə iş hesab etdiklərini söyləyib. 2020-2021-ci tədris ilində məktəbin göstəriciləri barədə məlumat verən məktəb direktoru 910 nəfər şagirdin təhsil aldığını qeyd edib. 67 nəfərin 9-cu sinifi bitirdiyini, onlardan 2 nəfərin fərqlənmə attestatı aldığını bildirib. 58 nəfərin 11-ci sinifi bitirdiyini, onlardan 53 nəfərin ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini qeyd edib. 49 nəfər məzunun tələbə adını qazandığını vurğulayıb. 674 bal toplamış Həsənov İlham Babək oğlunun və 643 bal toplamış Vəlizadə Güllüzar Elşən qızının timsalında məktəbin tələbə adını qazanan bütün məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.
V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov çıxış edərək ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məktəb direktoru qeyd edib ki, təhsil sahəsinə olan qayğının nəticəsidir ki, bu il məktəbi bitirən 35 nəfər şagirddən 19 nəfəri ali məktəblərə, 3 nəfəri isə müxtəlif kolleclərə daxil olaraq tələbə adını qazanıblar. 1 nəfər məzun Qurbanova Səma Mübariz qızı 610 bal toplayaraq ona olan etimadı layiqincə doğruldub.
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək öz növbəsində bütün məzunları tələbə adı qazanmaları münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə olan yüksək dövlət qayğısının bu gün ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirən məktəb direktoru rəhbərlik etdiyi məktəbin timsalında nümunə göstərib. Məktəb binasının əsaslı şəkildə yenidən qurularaq 2019-cu ilin fevralında müəllim və şagirdlərin istifadəsinə verilməsini dövlətin növbəti qayğısı kimi qiymətləndirib. Yaradılan şəraitə və göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə müəllim-şagird kollektivi adından bir daha minnətdarlığını bildirib. Məktəbin göstəriciləri barədə məlumat verən M.Mustafayev 77 nəfər pedaqoji heyətin, 28 nəfər texniki heyətin şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olduğunu bildirib. Hazırlıq qrupu ilə birlikdə 925 nəfər şagirdin məktəbdə təhsil aldığını qeyd edib.
İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev çıxış edərək tələbə adını qazanan məzunlara səmimi ürək sözlərini çatdırıb. Bu il məktəbi bitirən 8 nəfərin, ötən il bitirən 2 nəfərin tələbə adını qazandığını bildirib. Yeni tədris ilində məktəblərin açılmasını müəllim-şagird kollektivi olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd edib. Tədrisin əyani formada əvvəlki tək aparılması üçün müəllim və şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, xüsusi karantin rejimi qaydalarına əməl etməyin hər bir vətəndaşın, o cümlədən də müəllimin borcu olduğunu vurğulayıb.
Şagirdləri 600 baldan yüksək nəticə göstərmiş sinif rəhbərləri və ibtidai sinif müəllimləri də ürək sözlərini bölüşüblər.
S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnarə Həsənova çıxış edərək qalib ölkənin qalib tələbələrini səmimi qəlbdən təbrik edib. Sinif rəhbəri olduğu 21 nəfər şagirddən 19 nəfərin tələbə adını qazanmasını qürur hissi ilə qeyd edib.
M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin İngilis dili müəllimi Leyla Əhmədova da sinif rəhbəri olduğu 31 şagirddən 29 nəfərin ali məktəblərə qəbul imtahanlarında iştirak etdiyini, onlardan 25 nəfərin tələbə adını qazanmalarına görə qürur hissi keçirdiyini bildirib.
M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin ibtidai sinif müəllimi Könül Hüseynova çıxış edərək bütün tələbələri təbrik edib. Qazanılan uğurun arxasında göstərilən diqqət və qayğının dayandığını qeyd edib. Göstərilən qayğının hər bir müəllim və şagirdin üzərinə böyük məsuliyyət hissi qoyduğunu söyləyib. Bu gün etimadı doğruldan məzunlara gələcək həyatlarında bir daha uğurlar arzulayıb.
A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Cəfərova çıxış edərək yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan bütün məzunları təbrik edib. Təhsil sahəsinə, müəllimlərə verilən yüksək dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Gülarə İmişova çıxış edərək təbriklərini çatdırıb. Əvvəlki illərdən fərqli olaraq builki tədris ilinin fərqləndiyini qeyd edib. Qalib ölkənin vətəndaşları olaraq gələcək nəsillərə, şagirdlərə qazandığımız tarixi Zəfərdən ürəkdolusu danışılacağını, artıq torpaqlarımızın işğal günlərinin deyil, düşməndən azad olunduğu günlərin qürurla çatdırılacağını bildirib.
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, “Tərəqqi” medallı "Əməkdar müəllim" Xatın Hüseynxanova çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Son illər rayonda aparılan abadlıq işlərinə görə rayon rəhbərliyinə ziyalılar adından təşəkkürünü çatdırıb.
675 bal toplamış S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin məzunu Səid Mustafalı çıxış edərək müstəqil dövlətin vətəndaşı olduğu və belə bir ölkədə təhsil aldığı üçün özünü xoşbəxt hesab etdiyini bildirib. Gənc olaraq Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu söyləyib. Tələbə adını qazanan yoldaşlarını təbrik edib və uğurlar arzulayıb.
674 bal toplamış M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin məzunu İlham Həsənov çıxış edərək qalib ölkənin məzunu olmaq şansını ona bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə minnətdarlığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz birliyini, həmrəyliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Qlobal pandemiya və müharibənin təhsildən də təsirsiz ötüşmədiyini qeyd edən gənc tələbə bütün çətinliklərə baxmayaraq oxuduğu məktəbin müəllim-şagird kollektivinin bu işin öhdəsindən layiqincə gəldiyini, onlayn tədrisi uğurla davam etdirdiklərini bildirib. “Bu gün həmin əziyyətin bəhrəsini görürəm və arzusunda olduğum Bakı Dövlət Universitetinin tələbəsiyəm”, - deyən İ.Həsənov ona bu yolda kömək edən müəllimlərinə, valideynlərinə, əziyyəti keçən insanlara minnətdarlıq etməyi də unutmayıb.
620 bal toplamış A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin məzunu Xəyalə Göyüşova çıxış edərək oxuduğu illərdə bir çox uğurları olsa da, bu il qazandığı uğurunun onun üçün daha yaddaqalan olduğunu bildirib. Qazandığı uğurun təkcə məktəbi, valideynləri üçün deyil, özü üçün də əlamətdar olduğunu söyləyib. “Məktəbi qızıl medalla bitirmək mənim uşaqlıq arzum olub. Əvvəllər elə bilirdim ki, bu arzu mənim üçün əlçatmazdır. Lakin qazandığım uğurla bir daha anladım ki, insan qarşısına məqsəd qoyursa, sonda mütləq ona nail olur. Bu gün biz çox şanslı məzunlarıq ki, şanlı Zəfər tariximizin canlı şahidləri olmuşuq”, - deyən X.Göyüşova ölkəmizin tərəqqisi naminə gələcəyin öndə gedən həkimi olacağına söz də verib. Tələbə yoldaşlarını təbrik edərək qarşıda onları daha böyük nailiyyətlərin gözlədiyini bildirib.
Təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə məzunlar olaraq minnətdarlıqlarını çatdırıblar. İstər bu gün qazandıqları, istərsə də gələcəkdə əldə edəcəkləri nailiyyətlərdə dövlətin onlara göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edən tələbələr gələcəkdə də öz uğurlarını davam etdirəcəklərini söyləyiblər. Yüksək nəticə göstərmələrində əməyi olan müəllimlərinə, valideynlərinə minnətdarlıq edən tələbələr bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə Qazaxın, oxuduqları məktəblərin adlarını daim yüksəkdə tutacaqlarına söz veriblər.
Sonda rayon üzrə 600-dən yuxarı bal toplayan tələbələrə gül dəstələri və pul mükafatı verilib. Məzunların yüksək nəticə göstərmələrində əməyi olan sinif rəhbərlərinə, ibtidai sinif müəllimlərinə, eləcə də təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup təhsil işçisinə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, gül dəstələri və hədiyyələr təqdim olunub.
Fəxri Fərmanla təltif olunan Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, müdir müavini Əziz Məmmədov, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru, təqaüdçü müəllim Bəsdi Ələkbərova, məktəbin tarix müəllimi, sinif rəhbəri Gülnarə Həsənova, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, məktəbin ibtidai sinif müəllimi Tahirə Qocayeva, riyaziyyat müəllimi, sinif rəhbəri Kifayət Xasməmmədova, şəhər M.Hüseyn adına Humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, sinif rəhbəri Nüşabə Yaqubova, ibtidai sinif müəllimi Könül Hüseynova, İngilis dili müəllimi, sinif rəhbəri Leyla Əhmədova, ibtidai sinif müəllimi Aygün Carçıyeva, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, məktəbin ibtidai sinif müəllimi Sevda Cəfərova, fizika müəllimi, sinif rəhbəri Yeganə Nəbiyeva, V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov, məktəbin Coğrafiya müəllimi, sinif rəhbəri Aygün Qurbanova, ibtidai sinif müəllimi Gülarə İmişova, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin ibtidai sinif müəllimi Rəna Bayramova onlara göstərilən qayğıya, verdiyi dəyərə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir-görüşə yekun vuraraq bütün tələbələri bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar arzulayıb. “Əziz balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, - deyən rayon rəhbəri öz tövsiyələrini verib.