Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək abidə kompleksinin inşası sürətlə davam etdirilir
Əvvəlki yazılarımızda da məlumat verdiyimiz kimi, artıq xeyli vaxtdır ki, Qazaxda 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək, əziz xatirələrini əbədiləşdirmək məqsədilə abidə kompleksi inşa olunur.
Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu abidə müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində görülən təqdirəlayiq işlərdəndir. 27 sentyabr Anım Günündə istifadəyə verilməsi nəzərdə tutulan bu abidə kompleksi canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsinə olan hörmət və ehtiramın daha bir bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu abidə kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı özündə əks etdirəcək. Yaradılan abidə həm də qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımlardan biri olacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abidə kompleksinin inşası ilə tanış olub, görülmüş işlərlə maraqlanıb.
Rayon rəhbərinə işlərin yekunlaşmaq üzrə olduğu bildirilib. Görülmüş işlərlə yerində tanış olan icra başçısı işlərin sürətləndirilməsini qeyd edib və aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.