Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yeni məktəb binası istifadəyə verilmişdir

19 sentyabr 2016 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, rayonumzuda da təhsilin səviyyəsinin yüksəldilməsi, tədris müəssisələrində təlim və tərbiyənin keyfiyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Yeni inşa olunan tədris müəssisələrinin sayı durmadan artır. Ehtiyac olan məktəblər əsaslı şəkildə təmir olunur. Təkcə bu il iki yeni məktəb binası - Aşağı Əskipara və Yuxarı Salahlı kənd tam orta məktəbləri tikilmiş, bərpa–gücləndirmə və yenidənqurma işləri aparıldıqdan sonra  istifadəyə verilmişdir. Rayon rəhbərliyinin təhsilə olan böyük diqqət və qayğısı sayəsində yaradılmış bu yüksək şəraitin nəticəsidir ki, rayonumuzun məzunlarının əldə etdikləri nəticələr ildən-ilə daha da yaxşılaşır. Təkcə onu demək kifayətdir ki, bu il 58 nəfər məzun 500-700 arası bal toplamış, bir nəfər - Canalı kənd tam orta məktəbin məzunu Səbinə İsmayılova isə ən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Bu gün daha bir məktəb binasının – Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Bu, yeni dərs ilində rayonumuzda istifadəyə verilən sayca üçüncü məktəbdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizdə təhsilə yaradılmış yüksək şəraitdən danışmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin göstərişinə əsasən respubliklamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Yaradılmış bu yüksək şərait böyüməkdə olan gənc nəslin elmin sirlərinə daha dərindən yiyələnməsinə,  savadlı böyüməsinə şərait yaratmışdır. Bu gün ali məktəblərə qəbul zamanı məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani təzahürüdür.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək bildirdi ki, bu gün açılışını etdiyimiz məktəb binası olduqca yararsız halda idi Mən məktəb binasının təmir olunması təşəbbüsü ilə çıxış etdim. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun göstərişinə əsasən məktəb binasının əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. İşlər inanılmaz sürətlə aparıldığından məktəbin təmiri cəmi 16 günə başa çatdırıldı. Görülən işlərə görə Rəcəb müəllimə öz dərin minnətdarlığımı bildirirəm.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin direktoru Çəməngül İsmayılova, kənd ağsaqqallarından Qəzənfər Qocayev, Göyçə Göyüşov, valideynlərdən Felyura Adıgözəlova çıxış edərək məktəb binasının əsaslı təmirinə görə Ölkə Başçısı İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova  müəllim və şagirdlər, valideynlər və kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər. 
Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva məktəbin açılışını bildirən lenti kəsdikdən sonra binaya baxış keçirildi. Məktəb binası tam şəkildə dəyişmişdir. Əvvəlki yararsız sinif otaqları, dəhlizlər, qapı və pəncərələr, yazı lövhələri və partalar yeniləri ilə əvəz olunmuşdur. Bu gün Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəb binası işıqlı, müasir və yüksək standartlara cavab verən bir məktəb olmuşdur.
Sonda məktəbə yeni qədəm qoyan birincilər Vətənə, Torpağa və Sülhə həsr olunmuş şeirlər söyləmişlər.

Keçidlər