İcra başçısı İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında olub
Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti uğurla davam etdirilməkdədir. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və yeniyetmələrə, gənclərə göstərdiyi dövlət qayğısı bir daha onu sübut edir ki, bu sahə prioritet sahələrdən biridir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr də bunu deməyə əsas verir.
Onu da əminliklə qeyd edə bilərik ki, ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra edilir. Qazaxda uşaqlara göstərilən qayğının əyani sübutu bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında olub. Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə maraqlanıb.
Rayon rəhbərliyi Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasına, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə, ərzaqların keyfiyyətinə diqqətin artırılmasını bildirib.
Bağça müdiri Lalə Qurbanova ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.