Qazaxda icra başçısı 2021-2022-ci tədris ilinin başlanması münasibətilə Aşağı Əskipara və Kosalar kənd tam orta məktəblərində olub
Bu gündən Azərbaycanda yeni tədris ili başlayıb. Sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ilinə başlanılıb. Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır.
2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2021-2022-ci tədris ilinin başlanması münasibətilə İslam Nəsibov adına Aşağı Əskipara və İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəblərində olub, müəllim-şagird kollektivinə səmimi təbriklərini çatdırıb. Bu il məktəbə ilk qədəmlərini atan birinciləri təbrik edən rayon rəhbəri ən xoş arzularını bildirib, gələcəkdə məzun olub təhsil aldıqları məktəbin adını uca tutmalarını arzulayıb.
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısının göstərişinə əsasən hər il respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikildiyini, müəllim və şagirdlərin təlim-tədris şəraitinin daha da yaxşılaşdırıldığını bildirib. İcra başçısı qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir ki, bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Məktəbdə son tamamlanma işləri aparılır.
Rayon rəhbəri əyani tədrisin davam etməsi üçün Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə diqqətin artırılmasını bildirib.
Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev rayon rəhbərliyinin bu gün onları təbrikə gəlməsini istər müəllimlər, istər şagirdlər üçün əsl bayram töhfəsi olduğunu bildirib və rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. İcra başçısının təhsil sahəsinə olan qayğısından, uşaqlara olan sonsuz sevgisindən söz açaraq onlara göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib. Məktəb direktoru bu tədris ilində məktəbdə hazırlıq qrupu da daxil olmaqla, 174 nəfər şagirdin təhsil aldığını bildirib. Şagirdlərin təlim-tərbiyəsi ilə 31 nəfər pedaqoji heyətin, 13 nəfər texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb. Bu il məktəbdə 18 nəfər şagirdin 1-ci, 10 nəfər şagirdin isə 11-ci sinifə gedəcəyini qeyd edib. 14 nəfər şagirdin 2-ci, 17 nəfər şagirdin 3-cü, 16 nəfər şagirdin 4-cü sinifdə təhsil aldığını vurğulayıb. Hazırlıq qrupunda təhsil alacaq 10 nəfər şagirdin oktyabrın 1-dən tədrisə cəlb olunacağını söyləyib.
Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov da təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, istər müəllimlərə, istər şagirdlərə olan sonsuz dəyərə görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb. Bu tədris ilində 643 nəfər şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 59 nəfər pedaqoji heyətin, 20 nəfər texniki işçinin məşğul olduğunu qeyd edib. Bu il 2 sinifdə 56 nəfər şagirdin birinci sinifə ilk qədəmlərini atdığını söyləyib. 2-ci sinifdə 67 nəfər (3 sinif), 3-cü sinifdə 84 nəfər (3 sinif), 4-cü sinifdə 68 nəfər (3 sinif) şagirdin təhsil aldığını vurğulayıb. 3 hazırlıq qrupunda təhsil alacaq 52 nəfər şagirdin oktyabrın 1-dən tədrisə cəlb olunacağını söyləyib.
Məktəblilərlə səmimi söhbət edən icra başçısı onların vətənpərvərlik mövzularında söylədikləri şeirlərini də dinləyib. Kosalar kənd tam orta məktəbin 4c sinif şagirdi Fatimə Məmmədli Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsalın yazdığı “Şuşanı alan oğullar!” şeirini məharətlə söyləməsini razılıqla qarşılayan rayon rəhbəri məktəbliyə və müəllimlərinə təşəkkürünü bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.
İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəb
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb