Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin şagirdi Fatimə Məmmədlini qəbul edib

22 sentyabr 2021 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də qayğı göstərilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani sübutudur.
Rayon rəhbərinin bu gün 2021-2022-ci tədris ilinin başlanması münasibətilə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində olan zaman vətənpərvərliyi ilə seçilən, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın yazdığı “Şuşanı alan oğullar!” şeirini səsləndirən 4c sinif şagirdi Məmmədli Fatimə Yaşar qızını qəbul etməsi, onunla görüşməsi də bu qayğının bariz nümunəsidir. Məktəbli ilə keçirilən görüş onun timsalında gələcəyimiz olan uşaqlara göstərilən növbəti qayğıdır. Demək olar ki, rayon rəhbərliyi tərəfindən keçirilən bu cür görüşlər artıq bir ənənə halını alıb.
İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəblini hazırlayan Kosalar kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnaz Alıyeva, sinif rəhbəri Günay Alıyeva və şeirin müəllifi şair Barat Vüsal iştirak ediblər.  
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında Ordumuzun qazandığı zəfərlərin bu gün də hər kəsin ürəyini, qəlbini fərəh hissi ilə döyündürdüyünü qeyd edib. İcra başçısı bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən hər kəsin "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” söylədiyini, uşağın da, böyüyün də ölkə vətəndaşı olaraq bizi Qələbə ilə sevindirən şəhidlərimizi unutmadığını, onlarla qürur duyduqlarını söyləyib. Qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə borclu olduğumuzu bir daha vurğulayıb.
Rayon rəhbəri yaşının kiçik olmasına baxmayaraq Vətənə, xalqına, dövlətinə, ölkə Prezidentinə olan sevgisinə, şəhidlərinə olan ehtiramına görə məktəblimizi alqışlayıb, onun vətənpərvər ruhda tərbiyə olunmasında əməyi keçən müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib. Valideyninə və müəllimlərinə Fatimə balamıza verdikləri tərbiyəyə, aşıladıqları vətənpərvərlik hissinə görə razılığını ifadə edib.
İcra başçısı bildirib ki, bu gün bu gözəl balanı qəbul etməkdə əsas məqsəd onun simasında gələcəyimiz olan uşaqlara diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki Fatiməyə, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Kosalar kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnaz Alıyeva, sinif rəhbəri Günay Alıyeva çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eyni zamanda onlara göstərilən səmimi münasibətə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü Fatimənin timsalında bütün şagirdlərə olan qayğı kimi qiymətləndiriblər.
Sonda məktəbliyə təşəkkürünü çatdıran rayon rəhbəri ona gələcəkdə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmasını arzulayıb.
Səmimi söhbət əsasında keçən görüşün sonunda məktəbliyə hədiyyə təqdim olunub. Məktəblini hazırlayan Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnaz Alıyeva isə 2021/2022-ci tədris ilinin başlanması və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Sonda xatirə şəkli çəkdirilib.

 

 

Keçidlər