Qazaxın Yuxarı Salahlı kəndində Vətən uğrunda canından keçən kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidə kompleksi inşa olunacaq
Şəhid olmaq adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik zirvəsinə ucalmaq ulularımızdan bizlərə miras qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 338 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 50 nəfər igid oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Rayonun Yuxarı Salahlı kəndi də hər zaman qeyrətli oğulları ilə tanınıb. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi düşünmədən daim gözə alıblar. Torpaqlarımızın bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndi 17 nəfər şəhid verib. Bu gün Yuxarı Salahlının Aprel döyüşlərində şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlu, İyul döyüşlərinin qəhrəmanı mayor Əhmədov Namiq Hajan oğlu, 44 günlük Vətən müharibəsi şəhidləri baş gizir Hacıyev Teymur Zaur oğlu, leytenant Bayramlı Elmar İsa oğlu, MAHHXHQ əsgər Abdullayev Taleh Temraz oğlu, eləcə də neçə-neçə igid oğulları torpaqlarımızın ərazi bütövlüyünü canlarından üstün tutublar.
Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də minnətdarlıqla qarşılanır. Rayonda bu sahədə görülən işlər kənd fəalları tərəfindən də nümunə və örnək götürülür. Bunun nəticəsidir ki, kənd fəalları tərəfindən kənd şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün abidə kompleksi inşa olunacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər və abidə kompleksinin inşa olunması təşəbbüsünü irəli sürən kənd fəalları ilə birlikdə kompleksin tikiləcəyi ərazidə olub, yerində baxış keçirib.
İgid Vətən oğullarının əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulacağını bildirib. Yuxarı Salahlı kəndinin girişində şəhidlərimizin adını yaşadacaq abidə kompleksinin inşasını gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib. Rayonda, eləcə də kəndlərdə şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən bütün işlərin təməlində ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə olan hörmət və ehtiramının, onların ailələrinə olan diqqət və qayğının dayandığını bildirib.
Şəhid ailələri abidə kompleksinin tikilməsi təşəbbüsünü irəli sürən insanlara razılıqlarını qeyd edərək yüksək dəyərləndiriblər.