27 sentyabr Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin məzarı ziyarət olunub
Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Qələbəni bu gün də böyük qürur hissi ilə xatırlayır və həmin qələbə ilə fəxr edir. Hər kəs müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə, Qələbəyə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan sonda məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Dövlət və vətəndaş olaraq torpaqlarımızın hər bir qarışını işğaldan azad edən, bu yolda canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edib, qürur duymalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...
44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə çatdırmalıyıq. 30 illik həsrətə son qoymaq, uzun illərin ayrılığından sonra işğalda olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixi heç vaxt unudulmayacaq. Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamı da məhz bu məqsəd və amala xidmət edir.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
Ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Qazaxda da 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Sözü gedən tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə başlanılıb. Sentyabrın 13-dən start götürən ziyarətlər bu gün də davam etdirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Müzəffər Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarını ziyarət edib, tər qərənfillər düzüb, şəhidimizin əziz xatirəsini ehtiramla anıb.
İcra aparatının məsul şəxsləri, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, şəhidimizin vaxtilə təhsil aldığı M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, ibtidai sinif müəllimi Xatirə Mustafayeva, dərs deyən müəllimlər, şəhidin ailəsi ilə birlikdə edilən ziyarətdə torpaq uğrunda canından keçən şəhidimizin ruhuna dua oxunub, Allahdan rəhmət, ailəsinə səbir dilənib.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib. Azərbaycan xalqının fəxri olan Adil kimi qəhrəman oğullarımızın, eləcə də bütün şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.
"Bu gün dövlət və vətəndaş olaraq hər birimizin borcudur ki, şəhidlərimizi daim fəxr və qürurla anaq, onların xatirəsini daim əziz tutaq. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, onların şəhid ailələrinə, qazilərimizə qayğısı yüksək səviyyədədirsə, bu, hər kəs üçün örnək olmalıdır. Kimliyindən asılı olmayaraq hər kəs şəhidlərimizi yad etməli, onların ailələrinə, övladlarına sahib çıxmalıdır. Hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalıdır. Bu gün mən də özümə borc bildim ki, Anım Günü ərəfəsində şəhidimizi ziyarət edim, ona olan ehtiramımı bildirim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib. Anım tədbirlərinə də ilk olaraq şəhidlərimizin məzarlarının ziyarət olunması ilə başlanıldığını qeyd edib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiram kimi dəyərləndirib.
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib.
Şəhidimizin vaxtilə təhsil aldığı M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, ibtidai sinif müəllimi Xatirə Mustafayeva çıxış edərək şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər. Məktəbin bütün şəhid məzunlarının, o cümlədən də Adilin xatirəsinin daim əziz tutulduğunu, onların adlarının yaşadılması, gələcək nəsillərə çatdırılması üçün əllərindən gələni əsirgəmədiklərini qeyd ediblər. Qəhrəman şəhidimizin vaxtilə oxuduğu sinifdə şəklinin vurulduğunu, guşəsinin yaradıldığını vurğulayıblar. Onun haqqında şagirdlərə mütəmadi olaraq məlumatlar verildiyini, onun keçdiyi döyüş yolunun gənclərə hər zaman nümunə göstərildiyini, Adil kimi igid Vətən oğlu ilə illər ötsə belə hər an fəxr edəcəklərini söyləyiblər.
Şəhidimizin anası Afət Əhmədova Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti qəhrəman övladının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi qeyd edib.
Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.