Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2021 | 16:00

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edib.
27 sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da silsilə tədbirlər təşkil olunub, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə aksiyası keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzüb, igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanından start götürən yürüş şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısına kimi davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin və 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən Kompleksin ətrafında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin iştirakı ilə 500 ədəd şam ağacı əkilib, əkilən ağaclar suvarılıb.

 

Keçidlər