Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidləri gizir Sərxan Abdullayev və gizir Elvin Orucovun ildönümləri qeyd olunub

28 sentyabr 2021 | 16:00

Azərbaycan xalqı şanlı Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni bu gün də böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Hər kəs əldə etdiyimiz böyük Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdardır. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür. Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından ikisinin – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun və gizir Orucov Elvin Rövşən oğlunun ildönümləri qeyd olunub. 
İldönümü mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov, Qazax Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, şöbənin əməkdaşları, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, idarə, müəssisə və təşkilatların rəhbərləri,  "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev, filialın üzvləri, şəhidlərimizin vaxtilə təhsil aldıqları məktəblərin direktorları, müəllimləri, şəhidlərimizin ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər.
Şəhid Sərxan Abdullayevin Ağköynək kənd və Elvin Orucovun şəhərdəki şəhidlər qəbiristanlığında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülüb, ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək hər iki şəhidimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə Sərxan, Elvin kimi qəhrəman oğullarımızın hərb tariximizdə şanlı salnamə yazdıqlarını bildirib. İllər ötsə belə Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd həsrətinə son qoyan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman unudulmayacağını bildirib. İllər keçsə də Sərxan, Elvin tək igid oğullarımızın, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə örnək olacağını qeyd edib.
Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Sərxanın, Elvinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
“Şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün nümunə olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman ön planda olduğunu, hər şeydən üstün tutulduğunu qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Qazaxda şəhidlərimizlə bağlı həyata keçirilən bütün tədbirlərin kökündə ölkə başçısının və Birinci vitse-prezidentin şəhidlərimizə, qazilərimizə göstərdikləri qayğının dayandığını qeyd edib.
İcra başçısı rayonda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu qeyd edib.
Şəhid Sərxan Abdullayevin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində iştirak edən və tarix yazan oğulların arasında məktəb-liseyin məzunlarının da olduğunu bildirib. Məktəb-liseyin məzunları olmuş şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun əziz xatirəsini ehtiramla yad edib. Qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə, məktəbdə təhsil alan şagirdlərə çatdırmağı rəhbərlik etdiyi məktəbin kollektivi olaraq ən ümdə iş hesab etdiklərini söyləyib. Bütün şəhidlərimizlə fəxr etdiklərini, qürur duyduqlarını qeyd edib.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhid atası Elxan Abdullayev, şəhid anası Səidə Orucova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəklərini söyləyiblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ildönümü

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun ildönümü

Gizir Abdullayev Sərxan Elxan oğlu


Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən  həqiqi hərbi xidmətə çağrılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki azyaşlı oğul övladı yadigar qalıb.
Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Gizir Orucov Elvin Rövşən oğlu


Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixdən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.
Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur.
Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Şəhidlərimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidlərimizin əziz xatirələrini dərin ehtiramla yad edərək ailələrinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhları qarşısında baş əyirik.

Keçidlər