Şriftin ölçüsü :

Saytın rəngi :

Keyfiyyətli tədrisə xüsusi önəm verilir

26 sentyabr 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2021-2022-ci tədris ilinin başlanması münasibətilə İslam Nəsibov adına Aşağı Əskipara və İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəblərində olub, müəllim-şagird kollektivinə səmimi təbriklərini çatdırıb. Bu il məktəbə ilk qədəmlərini atan birinciləri təbrik edən rayon rəhbəri ən xoş arzularını bildirib, gələcəkdə məzun olub təhsil aldıqları məktəbin adını uca tutmalarını arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısının göstərişinə əsasən hər il respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikildiyini, müəllim və şagirdlərin təlim-tədris şəraitinin daha da yaxşılaşdırıldığını bildirib. İcra başçısı qeyd edib ki, ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir ki, bu məktəb üçün də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Məktəbdə son tamamlanma işləri aparılır.
Rayon rəhbəri əyani tədrisin davam etməsi üçün pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə,  hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə diqqətin artırılmasının vacibliyini bildirib.
Aşağı Əskipara kənd  tam orta məktəbin direktoru Yaşar Əliyev təhsil sahəsinə olan dövlət qayğısından söz açaraq onlara göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib.
Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov da təhsil sahəsinə göstərdiyi diqqətə görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb. Bu tədris ilində 643 nəfər şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 59 nəfər pedaqoji heyətin məşğul olduğunu qeyd edib.
Məktəblilərlə səmimi söhbət edən icra başçısı onların vətənpərvərlik mövzularında söylədikləri şeirlərini də dinləyib. Kosalar kənd tam orta məktəbin 4c sinif şagirdi Fatimə Məmmədli  Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsalın yazdığı "Şuşanı alan oğullar!” şeirini söyləyib və öz məharətli ifası ilə hamıda xoş ovqat yaradıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və onlarla xatirə şəkli çəkdirib.

Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
26 sentyabr 2021-ci il

Keçidlər