Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edib

04 oktyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olundu. Məhz həmin gün İkinci Qarabağ müharibəsinə, Vətən müharibəsinə, haqq savaşımıza başladıq. Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızı azad etməsi hər birimizə sonsuz qürur və sevinc hissi yaşatdı. 44 günlük haqq savaşında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etdi. Yaddaşlara qızıl hərflərlə yazılan 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğumuzu sübut etdi. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsi xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü ordunun formalaşdığını hər kəsə bir daha nümayiş etdirdi.
Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bu, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasında, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasında, yenilənməsində, əsaslı şəkildə təmir edilməsində aydın şəkildə özünü göstərir. Hər kəsin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. 
Rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən nümunəvi işlərdən biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşə oldu. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır.
Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür. 
44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir.
Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq bir işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi Vətən, xalq, dövlət naminə canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkandır. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu Abidə Kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı uzun illər özündə əks etdirəcək.
Bu gün bu məkan nəinki rayon sakinləri, eləcə də Qazaxa qonaq gələn hər kəs tərəfindən ziyarət olunur, bu müqəddəs ünvana üz tutan hər kəs şəhidlərimizə olan ehtiramlarını bildirir, ruhları qarşısında baş əyirlər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət edib. Aidiyyatı şəxslərlə birlikdə şəhidlərimizin şəkillərinin nümayiş olunacağı monitorun qoyulacağı yerə baxıb, görülməsi nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
Qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində yaradılan Abidə Kompleksi rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir.

 

Keçidlər