Qazaxda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr - təqvimdə bu tarix cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. Bəli, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, filialın və kollecin müəllimləri, məktəb direktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.