Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilmiş, aprel şəhidləri Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin xatirələrinə tikilmiş bulaq komplekslərinin açılışı olmuşdur

29 sentyabr 2016 | 16:00

Qazax rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Qazax rayonu İcra Hakimiyyəti ilə birgə təşkil edilmiş  “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilmiş və aprel ayının əvvəllərində eməni təxribatının qarşısı alan zaman şəhid olmuş  Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin  xatirələrinə tikilmiş bulaq komplekslərinin açılışı olmuşdur. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünüə gül-çiçək dəstələri qoyulmuşdur.
Şəhərin mərkəzində, Heydər Əliyev prospektində tikilən həmin bulaqların açılışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qazax rayonu İcra Hakimiyyətinin məsul işçiləri, Qazaxdakı hərbi hissənin zabit və əsgərləri, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları, gənclər, məktəblilər və yüzlərlə rayon sakinləri  iştirak etmişlər.  Bulaqların açılışını bildirən ağ örtük qaldırıldıqdan sonra iştirakçılar tərərfindən bulaqların üstünə qərənfillər, tər-çiçək dəstələri qoyulmuşdur. Mərasimlərdə hər üç şəhidin keçdikəri şanlı döyüş yollarından danışılmış, onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağından söz açılmışdır.
Sonra tədbir Qazax Rayon Mədəniyyət Mərkəzində öz işini davam etdirmişdir.  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və  Qazax rayonu İcra Hakimiyyəti ilə birgə təşkil edilmiş  “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir açıq elan olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Vətənin müdafiəsinə hazıram” mövzusunda silsilə tədbirlərini bu gün Qazax rayonunda davam etdirir.  Həmin tədbirlərə bu gün Qazax rayonu da çox böyük məmnuniyyətlə ev sahibliyi edir və vətənin çağırışına “Həmişə hazıram” deyir.
Çıxış üçün söz Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova verilmişdir. Cənab Rəcəb Babaşov bildirmişdir ki, “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünə məxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” deyən Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin inkişafına güclü təkan verdi. Genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna vətənpərvərlik toxumları səpən Ümummilli Liderimizin milli dövlətçilik, vətənpərvərlik konsepsiyaları bu günki inkişafımızın təməlini təşkil etməklə xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır.
Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.
   Böyük Atatürk deyirdi ki, "Sülh istəyən xalq hərbə hazır olmalıdır"- bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olub. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində böyük rol oynayır.
Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Sonra qeyd olunmuşdur ki, rayonumuzun Ermənistanla 168 km sərhəddi vardır,  7 kəndimiz erməni işğalına məruz qalaraq öz ata-baba yurdlarından məcburi olaraq köçkün düşmüşlər. Lakin rayonumuzu tərk etməmişlər. Burada böyüyən hər bir gənc müharibənin, güllə-səsinin nə olduğunu beşikdə olarkən hiss etmişdir. Məhz bu mübarizliyin nəticəsidir ki, Qazaxlılar yüksək mərdlik və mübarizlik göstərərək torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışlar. Ulu Öndər bu şücaəti  yüksək qiymətləndirərək demişdir: “Siz, əziz Qazaxlılar, burada öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz Azərbaycan xalqının dayağısınız”.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın adı dövlətimiz tərəfindən hər zaman uca tutulub, əbədiləşdirilib. Şəhidlərin adına salınmış bulaqlar, qoyulmuş büst və xatirə lövhələri bunun bariz nümunəsidir.
Şəhidlərimizə, onların ruhuna hörmətlə yanaşılır. Şəhidlərin uyuduğu qəbiristanlıqlarda, şəhər və kəndlərimizdəki şəhidlər xiyabanlarında bərpa və abadlıq işlərinin yüksək səviyyədə aparılması göstərilən bu diqqət və qayğının əyani təzahürüdür.  Artıq Qazax  şəhərindəki şəhidlər qəbiristanlığı, eləcə də Yuxarı Salahlı və Daş Salanlı kəndlərindəki Şəhidlər Xiyabanları əsaslı təmir edilmişdir. Hazırda rayonun Çaylı, Xanlıqlar və İkinci Şıxlı kəndlərindəki Şəhidlər Xiyabanlarında təmir işləri davam etdirilir.
2016-cı ilin aprel ayının  2-sində təmas xəttində erməni təxribatlarına layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.  Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir  neçə yaşayış məntəqəsi, yüksəkliklər ələ keçirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir.
Həmin gecə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini və Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının aprel ayının 2-nin Azərbaycan Ordusunun tarixində parlaq zəfər günü kimi qalacağını bəyan etməsini hər bir Qazaxlı böyük qurur hissi ilə qarşılamışdır.
Həmin döyüşlərdə rayonumuzdan da 3 nəfər hərbiçi erməni işğalçıları ilə aparılan müharibədə böyük rəşadət və qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmışlar.   Döyüşlərdə göstərdikləri mərdlik və şücaətə görə şəhidlərimiz medallarla təltif olunmuşlar.
Qazax rayonunda bununla əlaqədar medalların  təqdim olunma mərasimi keçirilmişdir. Şəhidlərin ailə üzvlərinin, hərbiçi yoldaşlarının, Müdafiə Nazirliyinin əməkdaşlarının, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Qarabağ Müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları – kapitan Orucov Mühüd Qurban oğlu “İğidliyə görə”,  baş leytenant Namazov Elvin Məmməd oğlu “Vətən uğrunda”  və əsgər Əliyev Orxan Məhəmməd oğlu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur. Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salanlar onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirmişlər.
Şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəbində əbədi yaşayacaqdır.
Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına, qəhrəmanlarımızın qanının yerdə qalmayacağına əmin ola bilərik.
Sonra çıxışlar olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətinin böyük olduğunu qeyd etmişdir.  Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da aparılan məqsədyönlü işlərdən danışmış və  Azərbaycan Silahlı Qüvvələrinin getdikcə artan qüdrətindən söz açmışdır. Bildirmişdir ki, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunması, şəxsi heyətin peşəkar hazırlığı ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır.
Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev tədbirdə çıxış edərək aprel döyüşlərində Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə endirməsindən danışmış, torpaqlarımızın tezliklə azad olunacağından söz açmışlar.
Sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı  cənab Rəcəb Babaşova  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı təqdim olunmuşdur.  Şəhid ailələrinə xatirə hədiyyələri verilmişdir. Bundan başqa, hərbi fənni tədris edən və həmin fəndə fərqlənən müəllim və şagirdlər də müxtəlif mükafatlarla təltif olunmuşlar.
  Vətənpərvərlik mövzusunda hazırlanmış “Ya Qarabağ, ya ölüm” filmi nümayiş  olmuşdur.
  Sonra səhnəyə çıxan məktəblilər və körpələr vətənpərvərlik mövzusunda şeirlər ifa etmişlər. 
  Tədbir Azərbaycanın tanınmış hərbi diktoru, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvərlik mahnıları ilə başa çatmışdır.

Keçidlər