Qazaxda daha bir Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulaq inşa olunacaq
Bu gün bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən heyrətlə danışır. O Vətən müharibəsi ki, 27 sentyabrda başladı və cəmi 44 günə xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Bütün dünya döyüş meydanında hərbçilərimizin, əsgərlərimizin göstərdikləri şücaətlə, qəhrəmanlıqla Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də əsgər Əliyev İlkin Bəxtiyar oğludur.
Bütün şəhidlərimiz kimi igid Vətən oğlu İlkin Əliyevin də adı əbədiləşdiriləcək. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və şəhidin ailə üzvləri ilə birlikdə bulağın inşa olunacağı ərazidə olub, yerində baxış keçirib.
İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı İlkin kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İlkinin xatirəsinin daim əziz tutulacağını bildirib. Şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini bildirib. Tikiləcək bulağın İlkinin xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
Şəhid atası Bəxtiyar Əliyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Övladı İlkinlə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Övladının adını daşıyacaq bulağın tikilməsində əsas məqsədin İlkinin adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu bildirib.
Əsgər Əliyev İlkin Bəxtiyar oğlu
Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci il tarixdə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.
2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. “N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.
Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.