Qazaxda ”Həm siyasi lider, həm də zəfər çalmış sərkərdə - İlham Əliyev” adlı tədbir keçirilib
Oktyabrın 15-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ”Həm siyasi lider, həm də zəfər çalmış sərkərdə - İlham Əliyev” adlı tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Vətən müharibəsi qazisi “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş mayor Xəyyam Əliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Qadınlar ŞurasInın sədri Yeganə Göyüşlü, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər.
Tədbir Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda Qazax Rayon Heydər Əliyev Mərkəzinin hazırladığı Prezident İlham Əliyevin 18 illik siyasi fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda geniş məruzə ilə çıxış edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova çıxış edərək bildirib ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi mayor Xəyyam Əliyev çıxış edərək Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən bəhs edib. O, bildirib ki, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Məhz güclü ordu quruculuğu sayəsində cəmi 44 günə 30 illik işğalçılıq siyasətinə son qoyuldu.
Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək Prezident İlham Əliyevin xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdiyini qeyd edib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunduğunu, insanların rifah halının daha da yaxşılaşdığını vurğulayıb. Azərbaycanın siyasi, iqtisadi imkanlarının genişləndirildiyini, ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirildiyini və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.
YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək ölkədə aparılan gənclər siyasətindən bəhs edib. O, bildirib ki, gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı, qorunması, dünyada təbliği istiqamətində gördüyü misilsiz işlərdən danışan Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir.
Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.