Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Qazaxda “Əjdaha” ləqəbli Vətən müharibəsi şəhidi Mayis Yaqubovun ildönümü qeyd olunub

22 oktyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur.
Oktyabrın 22-də müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan Vətən müharibəsində canından keçən qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsi yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı  orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad olunub.  Qəhrəman şəhidimizin təltif olunduğu "Şuşanın azad olunmasına görə” medalı atasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Qeyd edib ki, şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Vətən üçün canını fəda edən Mayis kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. İllər keçsə belə hər zaman belə qəhrəman oğullarla qürur duyulacaq. O, savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.  Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bütün şəhid ailələri kimi, Mayis Yaqubovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrıldığını vurğulayıb.
Şəhid atası Rəhim Yaqubov oğlu Mayis və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Mayisin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib.
 

Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu


Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər