Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsi şəhidi Oruc Qasımovun cənnətdəki ilk doğum günü ailəsi ilə birlikdə qeyd edilib

26 oktyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsində cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətimizin qüdrətinin bütün dünyaya nümayişi oldu. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğur bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Müzəffər Ordumuzun qazandığı Qələbədə, Zəfərdə payı olan, Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Aşağı Əskipara kənd sakini, MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğludur.
Bu gün yaşasaydı 25 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3 medalla təltif olunmuş Oruc Qasımovun cənnətdəki ilk doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür.  Bu amili əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.
Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin ata ocağında olub, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar.
Rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Oruc kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan S.Çobanov həmin zəfərdə payı olan Oruc kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. O, Oruc və onun kimi igid oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Orucun təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Oruc Qasımovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrılacağını vurğulayıb.
Şəhid atası Afiq Qasımov oğlu Oruc və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Orucun doğum günündə xatirəsinin yad olunmasını onun timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

 

MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğlu


Şəhid Oruc Qasımov 26 oktyabr 1996-cı ildə Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Oruc Qasımov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər