Vətən müharibəsi şəhidi leytenant Qismət Həməşəyevin ildönümündə əziz xatirəsi anılıb
Vətən müharibəsi!. 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrında böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Bu, o salnamədir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyuldu. O, 44 gün ki, Vətən müharibəsi başlayandan həmin günlər ərzində bütün dünya Azərbaycan dövlətinin qüdrətinin, gücünün şahidi oldu. Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə isə şanlı zəfərlərlə dolu günlər yazdı.
44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızdan biri də şəhid leytenant Həməşəyev Qismət Oruc oğludur.
Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qismət Həməşəyevin bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündür. Qəhrəman Vətən oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür. Bu gün igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, iş yoldaşları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev qeyd edib ki, bu gün vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. A.Vəliyev 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha dilə gətirib.
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan A.Vəliyev həmin qayğının Qazaxda da hər zaman əsas götürüldüyünü bildirib. Şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Qismət Həməşəyevin ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrıldığını diqqətə çatdırıb.
Şəhid qardaşı Mahmud Həməşəyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qardaşının daim yad olunmasını Qismətin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Qardaşı Qismət və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Leytenant Həməşəyev Qismət Oruc oğlu
Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən “AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı yoxdur.
Bütün şəhidlərimiz kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.