Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi Nicat Nəsibovun ildönümü qeyd olunub

27 oktyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, dəmir yumruğumuzu düşmənin başına endirib, döyüş meydanında başını əzərək tarixi Qələbə, böyük Zəfər əldə etdik. Azərbaycan xalqının 30 illik Qarabağ, Vətən həsrətinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmağı bacardıq. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu bu haqq savaşında da qalibiyyət qazandı. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdilər. 
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşında Şəhidlik zirvəsinə yüksələn, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 5 medalla təltif olunan əsgər Nəsibov Nicat Səməd oğludur.
Bu gün Nicat Nəsibovun qanı bahasına azad etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. İgid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları atasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qovcayev və məktəbin müəllimləri, şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev qeyd edib ki, Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Nicat Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qəhrəman oğullarımızın, bütün şəhidlərimizin, o cümlədən də Nicatın xatirəsinin daim əziz tutulacağını vurğulayıb. 44 günlük Vətən müharibəsindən söz açan A.Vəliyev bu müharibədə Şəhidlik zirvəsinə ucalan oğullarımızın sırasında dayanan Nicatın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib. A.Vəliyev Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da danışıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.
Şəhid atası Səməd Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. “Vətən müharibəsində şəhid olan igid oğullarımız bir daha sübut etdilər ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu gün şəhidlərimizin, qazilərimizin sayəsində həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağı dalğalanır”, - deyən şəhid atası oğlu Nicat və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Əsgər Nəsibov Nicat Səməd oğlu


Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.
Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Birinci Şıxlı kəndində yaşadığı evin qarşısında adını əbədiləşdirən bulaq inşa olunub.

Keçidlər