Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin ənənəvi sentyabr konfransi keçirilmişdir

12 sentyabr 2012 | 20:00

Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan danışmışdır. Qeyd etmişdir ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sistemi özünün mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsinin daha da genişləndirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər, təhsil işçilərinə diqqət və qayğı bunun bariz nümunəsidir.
Rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, cari ildə Qazax şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə şahmat məktəbi istifadəyə verilmişdir. Son 8 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə 4, dövlət büdcəsi hesabına 6 məktəb binası istifadəyə verilmişdir. Hazırda 220 yerlik Canallı və 180 yerlik Qazaxbəyli kənd tam orta məktəblərinin binalarında tikinti işləri başa çatmaq üzrədir. Prezident İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında sərəncamına müvafiq olaraq ötən tədris ilində ”Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak etmiş şəhər 3 nömrəli tam orta məktəbi müsabiqənin qalibi olmuş, 10 min manat pul mükafatı almışdır. Qazax rayon Xanlıqlar kənd tam orta məktəbinin biologiya müəllimi Xatın Hüseynxanova ”Ən yaxşı müəllim“ müsabiqəsinin qalibi olmuş və 5 min manat pul mükafatı almışdır. Həmçinin bu tədris ilində X.Hüseynxanova “Tərəqqi” medalına layiq görülmüşdür.
Təhsil nazirinin əmri ilə rayon təhsil şöbəsinin metodisti Əli Süleymanov, məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəhilə Əliyeva “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşlər. Respublikanın ali məktəblərinə qəbul imtahanlarının nəticələrindən danışan natiq bildirmişdir ki, 2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinif məzunlarından 534 nəfəri rayon Tələbə Qəbul Komissiyasına sənəd vermişlər. Builki məzunlardan 236 nəfəri, əvvəlki illərin məzunlarından isə 89 nəfəri, cəmi 325 nəfər ali məktəblərə, 110 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur.
Ürkməzli kənd tam orta məktəbinin məzunu Orxan Səfərov qəbul imtahanlarında ən yüksək - 700 bal toplayaraq Qafqaz Universitetinə qəbul olunmuşdur.
Konfransda çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov respublikada təhsil sahəsində görülən işlərdən və aparılan islahatlardan danışmışdır.
Yığıncaqda Milli Məclisin deputatları İlyas İsmayılov və Əhməd Vəliyev çıxış etmişlər.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplamış məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.
 

Keçidlər