5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür
Qazaxdakı Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, təqaüdçü müəllimlər, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünüə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq tədbir iştirakçılarını salamlamış, Beynəlxalq Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulamışdır. Sonra söyləmişdir ki, Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ulu Öndər demişdir ki, “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər bu sahəyə ölkə prezidenti Prezident İlham Əliyev cənabları tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürüdür. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin ““Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul yaradır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsil sisteminin inkişfına diqqət və qayğının təzahürü olaraq hər bir təhsil işçisinin qarşısına mühüm vəzifələr qoymuşdur.
Bildiyiniz kimi, 2004-cü ildən hazıradək rayonda 22 məktəb binası tikilmiş, 4 məktəbdə bərpa-gücləndirmə işləri aparılmış, 3 məktəbdə əlavə sinif otaqları tikilərək şagirdlərin istifadəsinə verilmişdir.
2016-cı ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə tikilmiş 220 şagird yerlik müasir tipli məktəb binası istifadəyə verilmiş və hazırda Aşağı Əskipara tam orta məktəbi həmin binada fəaliyyətini davam etdirir. Bundan başqa, Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və Çaylı kənd 1 saylı tam orta məktəbində isə əsaslı təmir işləri aparılaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Rayonun şəhər 1, 3 və 5 N-li tam orta, Xanlıqlar, Hüseynbəyli, Ağköynək kənd tam orta və Fərəhli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır. Hazırda Qazax şəhər 2 saylı və Kosalar kənd tam orta məktəblərində də əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulur.
Ötən dərs ilində məzunlarımızın buraxılış imtahanlarının və ali məktəblərə qəbulunun nəticələri ürəkaçan olmuşdur. Ali məktəbə daxil olan və 500-700 bal toplayan 58 nəfər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Axırda İcra Başçısı cənab Rəcəb Babaşov Ölkə Prezidenti İlham Əliyev cənablarının 04 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə Müəllimlərin Peşə bayramı günü münasibətilə Ağköynək kənd tam orta məktəbin müəllimi Əmirxanova Sədaqət Əmirxan qızını “Əməkdar müəllim” fəxri adına layiq görülməsi və Məktəb-liseyin direktor müavini Muradov Rəhim Murad oğlunu isə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı və əmək fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır.
Sonra çıxışlar olmuşdur. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev, Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, təqaüdçü müəllim Rəfiqə Məmmədova, AYB-nin Qazax zona filialının sədri Barat Vüsal, Ağköynək kənd tam orta məktəbin müəllimi Sədaqət Əmirxanova, Çaylı kənd tam orta məktəbin direktor müavini İlqar Hüseynalıyev və Məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək ötən dərs ilində görülmüş işlər, qazanılmış nailiyyətlər və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışmışlar.
Tədbirdə təlim–tərbiyə işlərində və rayonun ictimai-siaysi həyatında fəal iştirak etdiklərinə görə bir qrup müəllim və təhsil işçisi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunmuş və onlara gül dəstələri verilmişdir.