Qazaxda şəhidlərimizin xatirəsi əbədiləşdirilir
“Şəhid ölməz, Vətən bölünməz” – deyirlər. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub hər zaman. Neçə-neçə igidlər torpaq uğrunda qəhrəmancasına vuruşub, ölümün gözünə dik baxaraq öz yolundan geri dönməyib, ən uca zirvəyə, şəhidlik zirvəsinə yüksəliblər.
Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib. Şəhidlərimizin ruhuna hörmət etmək, əziz xatirələrini daim yad etmək isə bizim ən əsas vəzifəmiz və vətəndaşlıq borcumuzdur.
Şəhidlərimizi ziyarət etmək üçün Qazaxda daha bir ünvan yaradılmış və onların adlarını əbədiləşdirən, daim yaddaşlarda qoruyub saxlayan, onların əziz xatirəsini ucaldan bulaqlar tikilmişdir. Həmin bulaqlarla aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirələri əbədiləşdirilmişdir.
Bəli, Qazax şəhərinin ən görkəmli yerində - Heydər Əliyev prospektində aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinə üç bulaq tikilmişdir. O, nəinki doğmalarının, eyni zamanda rayon sakinlərinin də ən müqəddəs yerinə çevrilmişdir. İndi hər gün yüzlərlə insan buraya gəlir, Vətəni canı qədər sevən, onun müdafiəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini yad edirlər və onlara Allahdan rəhmət diləyirlər.
Şəhidlərin valideynləri, doğmaları, yaxınları, bir sözlə, bütün qazaxlılar bu müqəddəs və savab işə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova sonsuz hörmət və dərin minnətdarlıqlarını bildirirlər.