8 Noyabr – Zəfər Günü Qazaxda silsilə tədbirlərlə qeyd olunacaq
2020-ci ildə xalqımızın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazanılan Zəfər hər birimizin qürur mənbəyidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq bizə Qələbə sevincini bəxş etdi. Vətən müharibəsində qazandığımız Böyük Zəfərin ölkə səviyyəsində böyük təntənə ilə qeyd edilməsinə sayılı günlər qalıb. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən qeyd ediləcək Zəfər Günü xalqımızın, dövlətimizin, ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirəcək.
Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd olunacaq. Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirlərdən biri də “Qanları ilə dastan yazanlar” adlı rəsm və əl işi, “44 gündə qazanılan tarixi Zəfər” adlı inşa yazı, məqalə, esse və şeir müsabiqələridir. Rayonda 8 Noyabr – Zəfər Gününün təntənə ilə qeyd olunması, təşkil olunmuş bütün müsabiqələrin yüksək səviyyədə keçirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2021-ci il tarixli 9-21/374 nömrəli Sərəncamına əsasən İşçi qrupu da yaradılıb.
Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətində İşçi qrupunun üzvləri tərəfindən 8 Noyabr – Zəfər Günü ilə bağlı həyata keçiriləcək tədbirlər və təşkil olunmuş müsabiqələrin nəticələri müzakirə olunub. İnşa yazı müsabiqəsi üzrə seçilmiş inşalar oxunub, şeir müsabiqəsində seçilmiş məktəblilərin şeirləri dinlənilib, rəsm müsabiqəsində Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyası və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinə çəkilmiş portretlərə baxış keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Rəsm Qalereyasında 8 Noyabr – Zəfər Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə çəkilmiş portretlərlə tanış olub. Qazax Dövlət Rəsm Qalereyası və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən çəkilmiş rəsmləri yüksək qiymətləndirib.
44 günlük Vətən müharibəsindən, həmin müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbəni gələcək nəsillərə çatdırmaq üçün Qazaxda 8 Noyabr - Zəfər Günü ərəfəsində gənclərdə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Ölkə səviyyəsində qeyd olunacaq 8 Noyabr - Zəfər Gününün tariximizin qəhrəmanlıq səhifəsinə yazılan şanlı gün kimi hər zaman qürur və fəxrlə qeyd olunacağını bildirib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı, həyatı bahasına qazandığımız şanlı Zəfəri yüksək səviyyədə böyük təntənə ilə qeyd etməyin hər birimizin borcu olduğunu diqqətə çatdırıb. Şəhidlərimizi ehtiramla yad etməyin hər kəsin mənəvi borcu və ən ümdə işi olduğunu söyləyib.
Tədbirdə 8 Noyabr – Zəfər Günü ilə bağlı təşkil olunacaq tədbirlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.