44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran şəhid gizir Amid Məmmədovun ildönümündə xatirəsi anılıb
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi, bu yolda bir yumruq tək birləşdi. Və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid gizir Məmmədov Amid Müqabil oğludur.
Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış Amid Məmmədovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları atasına və həyat yoldaşına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb.
“8 Noyabr – Zəfər Gününü qeyd etməyimizə sayılı günlər qalıb. O Zəfər bayramı ki, Amid Məmmədov kimi oğullarımızın sayəsində həmin günü qeyd edəcəyik. Qazandığımız şanlı Zəfərdə Amid kimi oğullarımızın payı var”, - deyən icra başçısı Vətən müharibəsində tarix yazan bütün şəhidlərimiz kimi Amid Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, bu gün Amid Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
İcra başçısı Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran Amidin xatirəsinin qədirbilən xalqımız və qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhid atası Müqabil Məmmədov şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Göstərilən qayğıya görə razılığını bildirərək minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Amidin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu Amidin, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib.
Gizir Məmmədov Amid Müqabil oğlu
Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb.
Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.