Qazaxda Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilmişdir
Qazaxdakı Gənclər Mərkəzində Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov, xəstəxananın ürək-damar cərrahiyyəsi bölməsinin müdiri, uzman Hüseyn Gemalmaz, kardiologiya bölməsinin müdiri, uzman Vüsal Xankişiyev, Qazax rayonundan olan həkimlər və başqaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açmış və mərasim iştirakçılarına Gəncə Beynəlxalq Xəstəxanası haqqında ümumi məlumat vermişdir.
Sonra çıxışlar olmuşdur. Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlyas Həsənov tibb mərkəzinin fəaliyyəti, imkanları və üstünlükləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Gəncə Beynəlxalq Xəstəxanası ABŞ Xəstəxana standartlarına uyğun çalışan, regionun ən müasir tibbi texnologiyaları ilə təchiz olunmuş və Qafqazda JCİ akkreditasiyalı ilk tibb mərkəzidir. Xəstəxana əcnəbi və yerli mütəxəssislərin xarici ölkələrdə əldə edilmiş yüksək nəzəri və təcrübi bilik səviyyələrinə malik olduğunu deyən İlyas Həsənov tibbi xidmət keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq tibbi və inzibati heyət üçün daxili təlim və tədris proqramlarının keçirildiyini diqqətə çatdırmışdır.
Sonda uzman həkimlər xəstəxanadakı ayrı-ayrı bölmələr (ürək-damar cərrahiyyəsi, kardiologiya, ümumi cərrahiyyə, dermatovenerologiya, qastroenterologiya, oftalmologiya) və onların fəaliyyəti haqqında məlumat vermişər.