Qazaxda 8 Noyabr - Zəfər Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimiz yad olunub
Azərbaycanın igid oğulları qəhrəmanlığı, mübarizliyi ilə 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması tariximizin şanlı qürur–iftixar səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən öz vətənpərvərlikləri ilə həmişə öndə olan qazaxlı gənclər də Vətənin səsinə səs verərək könüllü surətdə torpaqlarımızın azad olunması uğrunda gedən müharibəyə yollanıb döyüş meydanında böyük qəhrəmanlıqlar göstərdilər. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından qurtarılması uğrunda gedən qanlı döyüşlərdə rayonumuzun 51 qəhrəman oğlu igidlik nümayiş etdirərək Şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə gənc isə öz sağlamlıqlarını itirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Zəfəri bu gün Azərbaycan xalqı böyük təntənə ilə qeyd edir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrı ilk dəfə Zəfər Günü kimi qeyd edən xalqımız Zəfərin qazanıldığı həmin günü bu gün də qürurla xatırlayır.
Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr - Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayonda keçirilən silsilə tədbirlərə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar Jurnalist” Akif Aşırlı, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Birinci Qarabağ müharibəsi qaziləri Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı, igid Vətən oğullarının qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı bir daha vurğulanıb.