Göstərdiyi igidliyə görə beş medalla təltif olunan Vətən müharibəsi şəhidi əsgər Elmar Omarovun ildönümü qeyd olunub
Bu gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarlıq edir, Qarabağ adlı haqq savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə qürur duyur. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir.
Vətən müharibəsinin qəhrəman oğullarından biri də torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan əsgər Omarov Elmar Elvar oğludur.
Bu gün Vətən uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış Elmar Omarovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları atasına və anasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbənin, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır.
İcra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Elmar Omarovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün Elmar kimi qəhrəman oğullarımızın təkcə doğulduğu el-obanın deyil, bütöv Azərbaycanın fəxri olduğunu, igid Vətən oğlu ilə hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhid bibisi, Sumqayıt şəhər 33 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ağca Mansurova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid yaxını kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Elmarın xatirəsinin daim yad olunmasını onun timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Elmar və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiyini söyləyib.
Əsgər Omarov Elmar Elvar oğlu
Şəhid Elmar Omarov 23 mart 2001-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. "N” saylı hərbi hissənin 1-ci tabor, 2-ci bölük, 1-ci tağımın tuşlayıcısı əsgər Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan əsgər Elmar Omarovun döyüşlərdə göstərdiyi igidlik və şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Elmar Omarov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medallarıilə təltif olunmuşdur.