Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun anasının ildönümündə məzarını ziyarət edib

10 noyabr 2021 | 16:00

Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 5 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci ildönümünü 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu yaşadığımız dövrdə qeyd etdik. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik zirvəsinə ucaldı.
Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, qəhrəman şəhidimizin ötən il dünyasını dəyişən anasının ildönümündə məzarını ziyarət edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə igid oğul böyüdən Sima ananın və oğlu Mühüdün kənd qəbiristanlığındakı məzarlarını ziyarət edərək əziz xatirələrini dərin ehtiramla anıb.
Şəhidimizin və anasının ruhuna dua oxunduqdan sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, 5 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində də bir daha sübut etdi. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı. 8 noyabrda qeyd etdiyimiz Zəfərdə, 10 noyabrda düşmənin məcbur qalıb kapitulyasiya aktını imzalamasında Mühüd kimi oğullarımızın payı var. Qəhrəman oğullarımızın sayəsində düşmən Azərbaycan Ordusunun qarşısında diz çökdü.
İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb.
Sonra icra başçısı oktyabrın 27-də ildönümü olan, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlununvə noyabrın 11-də ildönümü olacaq, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarlarını ziyarət edərək şəhidlərimizə olan ehtiramını bildirib. İgid Vətən oğullarının illər ötsə belə hər zaman qəlbimizdə əbədi yaşayacaqlarını bir daha vurğulayıb.
Şəhid atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni, 8 Noyabrda qeyd etdiyimiz şanlı Zəfəri qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhlarının şad olduğunu bildirib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Keçidlər