Sərhəd kəndi Cəfərlidə Vətən müharibəsi şəhidi leytenant Nicat Nəsibovun adını əbədiləşdirən bulağın açılışı olub
2020-ci il Qələbə və Zəfər ili kimi yaddaşlara əbədi həkk olundu. Həmin il ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu və bu gün erməni işğalından azad edilən torpaqlarımızda üçrəngli bayrağımız əvvəlki tək dalğalanır. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan igid oğullarımızdan biri də şəhid leytenant Nəsibov Nicat Qəşəm oğludur.
Noyabrın 10-da qəhrəman şəhidimizin doğulduğu Cəfərli kəndində vaxtilə təhsil aldığı məktəbin qarşısında adını əbədiləşdirən bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinmüəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "İgidliyə görə” medalı anasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Vətənin azadlığı uğrunda canını fəda edən Nicat Nəsibov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin, Nicat kimi oğulları tanıtmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Nicat Nəsibovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Qazax Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədov çıxış edərək çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin şəhid ailələrinə göstərdikləri qayğının Qazaxda da olduğu kimi davam etdirilməsinə görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizin, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə çatdırılması, örnək göstərilməsi üçün ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirildiyini vurğulayıb.
Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yazılmış "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək kitab haqqında qısa məlumat verib. Kitabı oxuyan hər kəsin şəhidlərimizi daha yaxından tanımaq imkanının olduğunu bildirib. 50 qəhrəman şəhidimiz haqqında yazılmış kitabda şəhidlərimizin necə şərəfli bir yol keçdiklərinin aydın şəkildə öz əksini tapdığını, kitabı oxuduqca bunun bir daha şahidi olduğumuzu qeyd edib.
Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova, kənd ağsaqqalı Seyfəddin Vəliyev çıxış edərək qanları ilə dastan yazan Nicat kimi oğullarımızla fəxr etdiklərini, qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını söyləyiblər.
Mirvari Dilbazi adına Cəfərli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, şəhidin 5-11 siniflər üzrə rəhbəri Həmidə Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Vilayət Rüstəmov çıxış edərək şəhidimiz haqqında ürək sözü bildirməyin çətin olduğu qədər də qürurverici olduğunu bildiriblər. Nicat kimi neçə-neçə oğulların öz qanları ilə tarix yazdıqlarını, həmin oğullarla qürur duymağın hər birimizin borcu olduğunu diqqətə çatdırıblar. Nicatın bu gün aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Mirvari Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 7-ci sinif şagirdləri Ayan Mustafayeva, Aysu Elləzova, Samir Nəbiyev, Rəşid Orucov, 6-cı snif şagirdi Əfqan Əzizov şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid atası Qəşəm Nəsibov şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu Nicatın, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Leytenant Nəsibov Nicat Qəşəm oğlu
22 yaşında Şəhidlik zirvəsinə yüksələn Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə "N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər "N” saylı hərbi hissəyə təyinat almışdır.
"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.
Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. "N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.