Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin və səhiyyə işçilərinin iştirakı ilə rayonda vaksinasiyanın hazırki vəziyyətinə dair müşavirə keçirilib

15 noyabr 2021 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.
Son günlər koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib.
Noyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, polis əməkdaşlarının, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, səhiyyə işçilərinin iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə rayondakı epidemioloji vəziyyət, vətəndaşların vaksinasiya prosesinin və tibbi maskadan istifadənin mövcud vəziyyəti müzakirə olunub. Karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən ictimai nəqliyyatda, eləcə də digər yerlərdə sanitariya-epidemioloji qaydalara riayət edilməsi, tibbi maskadan istifadə olunması üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib. Vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə dəstəyinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən söz açıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bu, bundan sonra da belə olacaq. İcra başçısı Respublika Prezidentinin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimizin dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəsin səfərbər olmalı olduğunu bildirib.
İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. İcra başçısı bu gün hər bir ölkə vətəndaşının koronavirusla mübarizədə fəal olmaqla, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə COVID-19-la mübarizədə bundan sonra da uğurlu nəticələrin əldə edilə biləcəyini vurğulayıb. Xüsusilə də bu gün cəmiyyət olaraq qarşımızda duran əsas vəzifənin xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə riayət etmək, maska taxmaq, sosial məsafəni və şəxsi gigiyenanı gözləmək olduğunu bir daha diqqətə çatdırıb. Yas mərasimləri zamanı həyətlərdə qurulan mərasim çadırlarında, xüsusilə də qəbiristanlıqlarda kütləvi şəkildə toplaşmağın insanların sağlamlığı baxımından birmənalı şəkildə yolverilməz olduğunu qeyd edib. Şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarətin gücləndirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib.
İcra başçısı qeyd edib ki, bugünkü müşavirədə peyvəndlənmə ilə bağlı verilmiş tapşırıqlar bir daha onu sübut edir ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya vətəndaşların sağlamlığı üçün vacibdir və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesinin uğurla davam etdiyini bildirib. A.Vəliyev qeyd edib ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 138 min 507 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 58 min 899, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 55 min 931 nəfərdir. A.Vəliyev bildirib ki, Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni "Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu gün Qazaxda da vətəndaşlara Buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi Buster doza üzrə peyvənd olunanların sayı 23 min 677 nəfərdir. A.Vəliyev vaksinasiya prosesinin bundan sonra da uğurla davam etdirilməsi üçün hər kəsin var qüvvə ilə çalışmalı olduğunu söyləyib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib. Bugünkü müşavirənin mühüm əhəmiyyət daşıdığını və bundan sonra görüləcək işlərə öz töhfəsini verəcəyini bildirib. Baş həkim hazırda rayonda 357 nəfərin aktiv COVID-19 xəstəsi kimi qeydiyyata alındığını və müalicələrini davam etdirdiyini bildirib. Baş həkim həmin xəstələrin əsasən vaksin olunmayan şəxslər və ağırlaşmış formada müraciət edənlər olduğunu qeyd edib. Baş həkim vurğulayıb ki, xəstələrin hazırki vəziyyəti onu deməyə əsas verir ki, vətəndaşların vaksinasiya olunması olduqca vacibdir və bunu hər bir vətəndaş dərk etməlidir.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov çıxış edərək bu gün koronavirusla mübarizədə hər bir vətəndaşın öz məsuliyyətlərini dərk edərək diqqətli olmalarını tövsiyə edib. Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə ciddi şəkildə əməl etmələrini, əks təqdirdə qanunamüvafiq qaydada lazımi tədbirlər görüləcəyini, qanunu pozan hər bir vətəndaşın qanun qarşısında cavab verəcəyini qeyd edib.
Geniş müzakirələr şəraitində keçirilən müşavirədə vətəndaşlara göstərilən xidmət sahələri də müzakirə olunub. Xüsusilə də payız-qış mövsümü ilə bağlı elektrik enerjisinin verilişində yaranan fasilələr, qazın təzyiqinin aşağı olması və s. məsələlər geniş şəkildə müzakirə edilərək aidiyyatı şəxslərə ciddi tapşırıqlar verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə, peyvəndlənmənin sürətləndirilməsi, şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri ilə əlaqədar aidiyyatı üzrə bir daha tapşırıqlarını verib.

Keçidlər