Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Kəşfiyyatçı kiçik çavuş ildönümündə anılıb

16 noyabr 2021 | 16:00

Respublikamızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid kəşfiyyatçı kiçik çavuş Məmmədov Əhməd Nazim oğludur.
Vətən uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış Əhməd Məmmədovun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Şuşanın azad olunmasına görə” medalı atasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qazandığımız tarixi Qələbəyə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı şanlı Zəfərdə payı olan Əhməd kimi qəhrəman oğullarımızla bu gün hər bir Azərbaycan vətəndaşının fəxr etdiyini, onların xatirəsinin daim uca tutulacağını bildirib. İcra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Əhməd Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün Əhməd kimi qəhrəman oğullarımızın təkcə doğulduğu el-obanın deyil, bütöv Azərbaycanın fəxri olduğunu, igid Vətən oğlu ilə hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının davam etdiriləcəyini qeyd edib.
Şəhid atası Nazim Məmmədov göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının xatirəsinin yad olunmasını Əhmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
 

Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
16 noyabr 2021-ci il

Keçidlər