Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

22 noyabr 2021 | 16:00

Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 103 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün Ümummilli Lider Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Artıq 21 ildir ki, hər il noyabr ayının 22-də peşə bayramlarını qeyd edən ədliyyə işçiləri builki peşə bayramlarını tam fərqli əhval-ruhiyyədə qeyd edirlər. Belə ki, ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub. Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. Bu il Azərbaycan xalqı ilk dəfə dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd etdi.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 22 noyabr -Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 103 illiyi qeyd olunub.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  icra aparatının məsul şəxsləri, Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev, məhkəmə və ədliyyə işçiləri, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 103 illiyi münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov başda olmaqla bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, ən xoş arzularını çatdırıb.
Onu qeyd edək ki, Azərbaycan ədliyyəsinin şanlı tarixi və inkişaf yolu Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğı, cənab Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatları hər kəsə yaxşı məlumdur. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdirilməsi, səlahiyyətlərinin xeyli genişlənməsi, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artması bu sahədəki inkişafdan xəbər verir. Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyəti vardır.
Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Azərbaycanda ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov, daha sonra Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski yüksək postda təyinat alıblar. AXC dövründə qurumun sonuncu rəhbəri yenidən Xəlil bəy Xasməmmədov olub.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb. Azərbaycanda Ədliyyə sisteminin intibahı, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb. Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Respublika Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Ölkə başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.
Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.
Dövlət başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən aparılan əməliyyatların və verilən sənədlərin böyük hissəsi məhz ədliyyə qurumlarının payına düşür. Xüsusi qeyd olunmalıdır ki, bu gün ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanan və elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan “Elektron notariat çantası” vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.
Bu gün ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində də Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilib, Azərbaycan, ingilis və rus dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq daim zənginləşdirilib, müxtəlif saytlara inteqrasiyası təmin olunub. Bu platformadan çoxminli istifadəçi yararlanıb.
Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb.
Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.
Ölkəmizdə uzun illər ərzində formalaşmış möhkəm ictimai-siyasi və sosial-iqtisadi bünövrə, tarixi torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə sistemli və davamlı islahatlara əlavə imkanlar yaradıb. Müasir dünyamızda isə islahatları qabaqcıl texnologiyalar tətbiq edilmədən təsəvvür etmək mümkün deyil. Eyni zamanda, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası şəraiti müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafını şərtləndirib.
Bununla əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetməsində rəqəmsal təşəbbüslər həyata keçirilir, bu sahədə normativ aktlar və dövlət proqramları qəbul olunur. Təsadüfi deyil ki, rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Ədliyyə və məhkəmə sahəsi də müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir.
Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb.
Nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Təkcə bu il ərzində həmin elektron resursdan istifadələrin sayı 4 milyonu keçib.
Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər. Bu yeni olan sistemin artıq iki yüz mindən çox istifadəçisi vardır.
Ədliyyənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Məsələn, əhali barədə müxtəlif məlumatları əks etdirən nazirliyin elektron bazalarından əmək və sosial müdafiə orqanlarına, müxtəlif lisenziyaların alınması üçün İqtisadiyyat nazirliyinə müraciətlər zamanı səmərəli istifadə olunur, bir çox sənədlər onlayn qaydada əldə edilir.
Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır. Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə analoji xidmətlər banklarda da yaradılıb.
Onu da qeyd edim ki, dövlətimizin başçısı və birinci xanımın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi barədə çağırışlarına qoşulan və tam əksəriyyəti xüsusi olan notariuslar yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.
Bununla yanaşı, nazirlik tərəfindən bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələri əhatə edən xüsusi portal hazırlanıb. Həmin portalın imkanlarından istifadə etməklə bələdiyyələrə metodoloji yardımın keyfiyyəti və onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyi xeyli artırılıb.
Vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi, onlayn qaydada ödənişlərin aparılması təşkil olunub. Fəaliyyətin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən “Elektron icra” informasiya sisteminin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması imkanı yaranıb. Bunun nəticəsidir ki, cari ildə icrası təmin edilən işlərin sayı 20 faizədək artıb, fiziki və hüquqi şəxslərə 420 milyon manatdan çox vəsait ödətdirilib.
Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir.
Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, fəaliyyətdə şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub.
Dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.
Qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib.
Eyni zamanda, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.
Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır.
“Mobil məhkəmə” tətbiqindən geniş istifadə olunması, Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt”in yaradılması da məhkəmə istifadəçilərinin məmnunluğuna xidmət edib.
Hazırda məhkəmə fəaliyyətində süni intellektin tətbiqi ilə bağlı qarşımızda mühüm çağırışlar durur, informasiya texnologiyalarının məhkəmə idarəetməsində rolu artırılır. Bununla bağlı hazırlanmış sistem elektron statistika əsasında müxtəlif analitik hesabatlar tərtib etməyə, məhkəmələrin və hakimlərin fəaliyyətini qiymətləndirməyə, onların işinin məhsuldarlığını müəyyən etməyə imkan verir. Bu sahədə təcrübəmiz beynəlxalq maraq doğuraraq xüsusi mükafata layiq görülüb.
İnsanların məhkəmə hakimiyyətinə inamının ən mühüm cəhətlərindən biri hakimlərin seçimi prosesində şəffaflığın təmin olunmasıdır. Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz və elektron qaydada aparılır, test imtahanı fərdi kompüter vasitəsilə keçirilir, nəticələr dərhal elan olunur. Seçim prosesinin bütün mərhələlərinə vətəndaş cəmiyyəti nümayəndələri və kütləvi informasiya vasitələri dəvət edilirlər.
Son iki ildə 900-dək şəxsin iştirakı ilə keçirilən belə müsabiqələr nəticəsində 44 nəfər bütün imtahanları, habelə uzunmüddətli tədris və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vuraraq cari ildə müxtəlif hakim vəzifələrinə təyin ediliblər. Hazırda 220-dək namizəd müsabiqənin müxtəlif mərhələsindədir.
Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasında və əlçatanlığın yaxşılaşdırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının tapşırıqlarına əsasən paytaxtda və bölgələrdə 35 məhkəmə üçün ən qabaqcıl İKT ilə təchiz edilmiş yeni bina, başqa sözlə, “hi-tech” məhkəmələr inşa olunub. Dünya Bankı və dövlət büdcəsi hesabına inşa edilən həmin binalar konseptual baxımdan tamamilə müasir olmaqla vətəndaşların rahatlığı üçün hər cür əlverişli şərait yaradılır, hakimlərlə qeyri-prosessual münasibətlərin qarşısı alınır.
Təkcə bu il ərzində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, habelə Sumqayıt və Masallı məhkəmə kompleksləri istifadəyə verilib. Bir çox məhkəmə bina və komplekslərinin açılışını məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlətimizin başçısı şəxsən həyata keçirib, görülən işlərlə yerində tanış olub, zəruri tapşırıqlar verib.
Mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər bir ədliyyə işçisini üzərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir. Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir.

 

Keçidlər