Şriftin ölçüsü :

Saytın rəngi :

“Qara qartal" ləqəbli şəhidin adı əbədiləşdirilib

02 dekabr 2021 | 16:00

Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşən, yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazan igid oğullarımızdan biri də 28 yaşında Şəhidlik zirvəsinə ucalan, Xüsusi Təyinatlı Dəstənin kiçik giziri Mədətov Röyal Şahin oğludur.
Döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi, göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "İgidliyə görə" medalları ilə təltif olunmuş igid Vətən oğlu Röyal Mədətovun da adı əbədiləşdirilib.
Şəhidimizin doğulub boya-başa çatdığı Qazaxın Hüseynbəyli kəndinə gedən yolun kənarında (şəhərin Əliağa Şıxlinski küçəsi) adını əbədiləşdirən bulaq inşa olunub.
Bulağın açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, yaxınları, doğmaları iştirak ediblər.
Şəhidin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsildikdən sonra üzərinə gül dəstələri düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "İgidliyə görə" medalı anasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, şəhidlərimizə, onların ailələrinə qayğı göstərmək hər bir vətəndaşın üzərinə düşən vəzifə olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğısı hər birimiz üçün örnəkdir. 44 günlük haqq savaşından söz açan icra başçısı qazandığımız qələbənin kökündə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə illər öncə əsası qoyulan və uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətinin, bu sahədə əldə etdiyimiz nailiyyətlərin dayandığını bildirib.
Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək  açılışına toplaşdığımız bulağın təkcə Röyalın adını əbədiləşdirmədiyini, eyni zamanda gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bir töhfə olacağını qeyd edib. X.Balayev şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Şəhidimizin vaxtilə təhsil aldığı Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova qəhrəman şəhidimizin məktəb illərindən söz açaraq onun bacısı Günayla birlikdə birinci sinifə qədəm qoyduğu günü, ilk gündən yaşıdlarından necə fərqləndiyini bu gün də xatırladığını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək qeyd edib ki, ölkə Prezidentinin də bildirdiyi kimi biz ordumuzla, əsgər və zabitlərimizlə, düşmənlə üz-üzə dayanaraq döyüşən oğullarımızla fəxr edirik. Röyal və onun kimi igid qəhrəmanlarımızla, onların hünəri ilə qürur duyuruq. Qubadlıda, Zəngilanda, Suqovuşanda, Cəbrayılda, Füzulidə, eləcə də digər torpaqlarda vuruşan oğullarımızın hamısı Şuşa uğrunda mübarizə apardılar, onların hamısı bizim üçün Şuşa fatehləridir. B.Vüsal "Şuşanı alan oğullar" şeirini səsləndirib.
Sonra  Hüseynbəyli kənd tam orta məktəbin şagirdləri şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.


Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
2 dekabr 2021-ci il

Keçidlər