Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir
Görkəmli dövlət və siyasi xadim, müstəqil dövlət quruculuğunda gördüyü işlərlə azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 18 il ötməsinə baxmayaraq bu gün də xatirəsi dərin hörmətlə yad edilir. Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon Heydər Əliyev Mərkəzində hər il keçirilən "Açıq qapı” günləri bu il də davam etdirilir.
Dekabrın 2-dən start götürən "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirliməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
12 dekabradək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər Dahi liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olub, filmlərə baxacaqlar.
Dünəndən start götürən "Açıq qapı” günlərində Qazax şəhər Kommunal Müəssisələri Kombinatının, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsinin, "28 nömrəli Yol İstismarı" MMC-nin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlar və əvəzsiz xidmətləri barədə məlumat verilib.