Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda onların xatirəsi hər zaman uca tutulur...

05 dekabr 2021 | 16:00

Qazax rayonunda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hələ keçən ilin noyabr ayında keçirdiyi daxili müşavirələrin birində demişdi ki, şəhid adı müqəddəsdir və biz elə etməliyik rayonun hər guşəsində, hər məkanında bu müqəddəslik əyani hiss olunsun və onu hamı görsün, ehtiram göstərsin. Artıq belə məkanlardan biri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanıdır. Burada aparılan abadlıq işləri, şəhid adlarının və şəkillərinin əks olunduğu lövhənin vurulması bu istiqamətdə görülən işlərdən biridir.
Digər xeyirxah bir iş Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə nəfis bir guşənin yaradılmasıdır. Muzeyin ikinci mərtəbəsindəki bu guşə indi hər kəsin ziyarət etdiyi bir ünvana çevrilib.
Başqa bir diqqətçəkən iş Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının ərsəyə gətirilməsidir.
Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirəsini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də rayonda bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində ucaldılan bu kompleks müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi də igid oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs məkanlardan biridir. Amma bunlar da son hədd deyil. Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi üçün işlər davam etdirilir. Bu günlərdə RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 25 noyabr 2021-ci il tarixli protokolu nəzərə alınaraq müxtəlif adda ordenlə təltif olunmuş daha 7 nəfər Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən şəhər ərazisində adsız olan 7 küçəyə - ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun adı verilib.
Bu günlərdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları verilən şəhidlərimizin ailə üzvləri ilə görüşüb, bu barədə onlara ətraflı məlumat verib. Yeni adlandırılmış küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün aidiyyatı şəxslərə lazımi tapşırıqlar verildiyi diqqətə çatdırılıb. İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda canlarından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını deyib, 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib, Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı, o cümlədən qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən rayon rəhbəri həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü diqqətə çatdırıb.
Şəhid ailələri qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Onlar ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən Qazax şəhərindəki 5 adsız küçəyə Tovuz döyüşləri şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan İmamverdi İsmayılovun, “Qarabağ” ordenli baş leytenant Nəbi Hüseynovun, “Qarabağ” ordenli gizir Anar Nağıyevin, “Azərbaycan Bayrağı” ordenli baş çavuş İsmayıl Qəsəbovun adları verilib.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
5 dekabr 2021-ci il

Keçidlər