Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi və əkin sahələrinin suvarılması ilə bağlı iclas keçirilib
Dekabrın 6-da Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi və əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə əlaqədar 2021-ci ilin yekunlarına dair iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyev, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Sudan İstifadə Birliklərinin (SİB) direktorları və sözügedən idarələrin nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini bir daha diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü iclasın əsas məqsədi rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi və payızlıq əkin sahələrinin suvarılması ilə bağlı görülümüş işləri müzakirə etməkdir. 2021-ci ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı, 2022-ci ildə qarşıda duran vəzifələrdən danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov çıxış edərək Qazax rayonu üzrə əkin sahəsində 2022-ci ilin məhsulu üçün səpilmiş taxıl sahəsi barədə məlumat verib. Növbəti il üçün 12005 hektarda şumlanma aparıldığını bildirib. Qeyd edib ki, 10550 hektar sahədə taxıl səpini nəzərdə tutulub ki, bunun 5535 hektarı buğda, 5015 hektarı isə arpadır. Bu günə kimi isə 10805 hektarda taxıl səpilib. Bunun da 4651 hektarını buğda, 6154 hektarını apra sahəsi təşkil edir.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. İdarə rəisi qeyd edib ki, son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan M.Vəkilov statistik rəqəmləri diqqətə çatdırıb. 2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i isə əl əməyi ilə aparılıb. 2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2021-ci ildə də işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. M.Vəkilov 2022-ci ildə isə 319,3 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılmasının nəzərdə tutulduğunu, bunun da 135,75 km-nin texnika, 183,55 km-nin əl əməyi ilə həyata keçiriləcəyini bildirib. Bu günə kimi 89,20 km-i texnika, 23,40 km-i əl əməyi ilə olmaqla, 112,60 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib.
İclasda əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyi bir daha vurğulanıb. Mövcud vəziyyəti öyrənərək hansı arx və kanallarda təmizlik işlərinin aparılmasına ehtiyac varsa ilkin olaraq həmin arxlardan başlanılması qeyd edilib. Ən əsası isə mövcud suyun qənaətlə istifadə edilməsinin vacibliyi, bunun üçün SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub. Bir sözlə, sudan və torpaqdan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı istiqamətində məqsədyönlü işlərin bundan sonra da olduğu kimi həyata keçirilməsi bildirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.
Sonda rayon rəhbəri payızda səpin aparılan, eləcə də yazda əkiləcək əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini vurğulayaraq bu işin ötən ildə olduğu kimi bu il də optimal müddətdə başa çatdırılmasını bildirib və bununla bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.