Qazaxda Vətən müharibəsi şəhidi Tural Məmmədovun adını əbədiləşdirən bulağın açılışı olub
2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi yazıldı. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik Vətən həsrətinə son qoyaraq işğalda olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi, 44 günlük savaşda Qarabağ işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!.
Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğludur.
Bütün şəhidlərimiz kimi, döyüş meydanında göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlu Tural Məmmədovun da adı əbədiləşdirilib.
Qazax-Yuxarı Əskipara avtomobil yolunun kənarında şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub.
Dekabrın 10-da qəhrəman şəhidimizin adını daşıyan həmin bulağın açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Əməkdar artist Vasif Məhərrəmli, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Bu gün qəhrəman şəhidimizin təltif olunduğu "Cəsur döyüşçü" medalı da ailəsinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 10 dekabr 1993-cü ildə Quşçu Ayrım kəndinə düşmənin basqını zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidimizin dayısı Quluyev Babək Eldar oğlunun əziz xatirəsini ehtiramla yad edən rayon rəhbəri igid Vətən oğluna Allahdan rəhmət diləyib.
İcra başçısı nə qədər Azərbaycan xalqı var, Tural Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, qalib xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Turalın xatirəsinin daim əziz tutulacağını bildirib. Rayon rəhbəri 30 illik işğalda olan torpaqlarımızı 44 günlük savaşda azad edən Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Turalın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim” - deyən icra başçısı şəhidimizin hər zaman hörmət və ehtiramla anılacağını bir daha dilə gətirib.
"Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.
İgid Vətən oğlunun döyüş yolundan, göstərdiyi igidlikdən söz açan icra başçısı 44 günlük Vətən müharibəsində Turalın əsl qəhrəmanlıq dastanı yazdığını, onun döyüş yolunun bundan sonra gələcək nəsillərə örnək olacağını qeyd edib. Şəhidimizin göstərdiyi igidiliyin Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən icra başçısı onun ölümündən sonra 3 medalla təltif olunduğunu vurğulayıb. Bütün bunların qəhrəman şəhidimizin 44 gündə keçdiyi döyüş yolundan, onun necə igid, qorxmaz, vətənpərvər bir oğul olmasından xəbər verdiyini söyləyib.
İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Bulağın tikilməyində əziyyəti keçən insanlara razılığını bildirən icra başçısı bunun hər birimiz üçün örnək olduğunu vurğulayıb.
Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək 44 günlük Vətən müharibəsindən söz açıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Ali Baş Komandan İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu sayəsində şanlı Zəfər əldə etdiyimizi bildirib. Açılışına toplaşdığımız bulağın təkcə Turalın adını əbədiləşdirmədiyini, eyni zamanda gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bir töhfə olacağını qeyd edib. Vətənin hər daşı, qayası olub onu qorumaq üçün canlarından keçən şəhidlərimizi yad etməyin, sağlamlığını itirən qazilərimizə sahib çıxmağın hər birimizin borcu olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edib. Barat Vüsal qeyd edib ki, ölkə Prezidentinin də bildirdiyi kimi biz ordumuzla, əsgər və zabitlərimizlə, düşmənlə üz-üzə dayanaraq döyüşən oğullarımızla fəxr edirik. Tural və onun kimi igid qəhrəmanlarımızla, onların hünəri ilə qürur duyuruq. Başımızın yüksəklərdə, kökümüzün dərinliklərdə olması üçün Tural kimi qəhrəmanlarımıza borcluyuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbə tarixə bir dastan kimi yazıldı. Həmin qələbəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizlərin borcudur. "Yaxşı ki, bu millət kökünə çəkdi” şeirini səsləndirən Barat Vüsal sonda şəhidlərimizi bir daha ehtiramla anıb.
Şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. 44 günlük Vətən müharibəsindən söz açan məktəb direktoru Tural kimi qəhrəman oğulların sayəsində həmin müharibədə qələbə qazandığımızı qeyd edib. İşğalda olan torpaqlarımızı canı bahasına azad edən qəhrəman şəhidimizin məktəb illərindən söz açan M.Mustafayev onun ibtidai təhsilini Qızılhacılı kənd ibtidai məktəbində, 1997-ci ildən isə rəhbərlik etdiyi 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirdiyini bildirib. İgid şəhidimizin məktəbə qədəm qoyduğu ilk gündən yaşıdlarından fərqləndiyini söyləyib. Məktəb direktoru bu gün Turalın iki əkiz oğul və qız övladının atasının təhsil aldığı məktəbdə oxuyacağını, hazırda məktəbəqədər hazırlıq qrupuna cəlb olunduğunu vurğulayıb. Hətta, qəhrəman şəhidimizin təhsil aldığı sinifə igid Vətən oğlunun adının verildiyini, adına guşə yaradıldığını, onun adının yaşadılması üçün əllərindən gələni əsirgəmədiklərini söyləyib. Şəhidlərimizin, onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bundan sonra da böyük səylə çalışacaqlarını, şəhidlərin övladlarına daim sahib çıxacaqlarını, qayğılarını əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Şəhidin ibtidai sinif rəhbəri olmuş, hazırda Ağköynək kənd tam orta məktəbin direktor müavini olan Ziyafət Kərimova çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Ziyafət müəllimə qeyd edir ki:
- Tural Məmmədovun 1-3-cü siniflərdə ibtidai sinif müəllimi Bəsti Əliyeva olub. 4-cü sinifə qədəm qoyanda onun sinif rəhbəri olmuşam. İlk gündən hiss etdim ki, Tural öz yaşıdlarından fərqlənir. Tural ağıllı, tərbiyəli, savadlı, çalışqan, vətənpərvər bir şagird olub. Bir dəfə dərslərin birində şagirdlərimlə böyüyəndə hansı peşənin sahibi olacaqları ilə bağlı sorğu apardım. Tural heç düşünmədən hərbçi olacağını bildirdi. Onun vətənpərvər ruhda olması, Vətənə olan sevgisi 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Tural Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəldi. Bu gün belə qəhrəman şəhidin müəllimi kimi onun haqqında danışmaq nə qədər çətin olsa da, bir o qədər də qürurvericidir. İllər keçsə də nə onun özü, nə də qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin hərbi müəllimi, şəhidimizin 5-11-ci siniflər üzrə sinif rəhbəri olmuş Elxan Əliyev də çıxış edərək igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. Turalın qısa ömür yaşasa da, şərəfli bir ömür yaşadığını qeyd edib. Elxan müəllim şagirdi Turalla həmişə fəxr etdiyini bildirib. Bundan sonra da onun döyüş meydanında göstərdiyi qəhrəmanlığı, şücaəti eşitdikcə onunla bir daha qürur duyacağını söyləyib. Tural Məmmədov əvvəl yaxınlarının, doğmalarının əzizi idisə, bu gün bütöv Azərbaycanın əzizi, doğmasıdır. Bu gün onunla hər bir ölkə vətəndaşı fəxr edir, qürur duyur.
Şəhidimizin əmisi Şirzad Məmmədov çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Məmmədova "Şəhidlər” şeirini söyləyib.
Şəhidimizin adını daşıyan sinifin şagirdlərindən Ayan Süleymanova, Aylin Qəhrəmanova, Maya Hacıyeva, Firəngiz Məmmədova, Ləman Cəfərova, Ayan Ələsgərli, Günay Mustafazadə, Zəhrə Kərimova, Gülnur Əliyeva, Damla Hüseynzadə kompozisiya ilə çıxış ediblər.
Məktəbin 3-cü sinif şagirdi Maya Hacıyeva, 9-cu sinif şagirdi, Nuray Musalı və 7-ci sinif şagirdi Nərmin Tatlıyeva şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid atası Elxan Məmmədov oğlu Turalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Turalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
(MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu
Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq təxris olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.