Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub

12 dekabr 2021 | 16:00

Azərbaycan tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib. Xalqımızın Ulu Öndəri Heydər Əliyev bu şəxsiyyətlərin sırasında ən uca zirvələrdən birində qərar tutub. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin cismani yoxluğundan 18 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Ötən müddət ərzində baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata keçirilir, vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda, gələcəyə aparan yolumuzu işıqlandırmaqdadır. Bu gün Ümummilli Liderin vəfatından 18 il keçməsinə baxmayaraq Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur.
Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.
Azərbaycan xalqının öz dahi oğluna məhəbbət və ehtiramı ildən-ilə daha da artır. Çünki bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıbsa, səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilirsə, bayrağımız uca zirvələrdə dalğalanırsa, bu, dahi şəxsiyyət Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olub.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə və pandemiya qaydalarına əməl edilməklə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar Ulu Öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olub, Ulu Öndərin ibrətamiz həyat yolundan bəhs edən filmə baxıblar.
Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


 

 

Keçidlər