Qazaxda icra başçısı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi
2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə kimi yazıldı. Sülh yolu ilə getmək istəməyən erməni terorçuları məhv olaraq tarixi Azərbaycan torpaqlarından təmizləndi. 30 illik həsrətdən sonra düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir–birinin ardınca azad edildi. Bu gün işğaldan azad edilən rayonlarda, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa edən, xalqımıza böyük Qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu borclu və minnətdarıq.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı və Birinci Şıxlı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.
“Nəinki dövlət məmuru, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin xatirəsini əziz tutmalı, ailələrinə sahib çıxmalı, qayğı göstərməlidir. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, şəhidlərimizi bayram ərəfəsində yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib. Fəxr yerimiz olan şəhidlərimizə, onların ailələrinə olan hörmət və ehtiramın bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.
Şəhid Nicat Nəsibovun atası Səməd Nəsibov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarı
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun məzarı
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun məzarı
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun məzarı
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun məzarı
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun məzarı
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun məzarı
Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun məzarı