Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 6 saylı Körpələr Evi-Uşaq bağçasında olub

13 dekabr 2021 | 16:00

Bu gün ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı nəinki paytaxt Bakıda, eləcə də bütün bölgələrimizdə hiss olunur. İllər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr də məhz bu məqsədi daşıyır.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizi əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhərdə fəaliyyət göstərən 6 saylı Körpələr Evi-Uşaq bağçasında olub. Bağçada körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin hər cür qayğıya, dəstəyə layiq olduğunu qeyd edib.
Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

 

Keçidlər