Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilində yeni məktəb binalari istifadəyə verilmişdir

18 sentyabr 2012 | 20:00

Yeni dərs ili Qazax rayonunun müəllim və şagirdləri üçün ikiqat sevindirici olmuşdur. Rayonda 3 yeni orta məktəb binasının açılışı olmuş, 1 ümumi orta məktəbi üçün 80 yerlik əlavə korpus tikilmiş, əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir.
Aslanbəyli kəndində inşa edilmiş 480 şagird yerlik tam orta məktəbi yeni dərs ilində öz qapılarını müəllim və şagirdlərin üzünə açmışdır. Üç mərtəbədən ibarət olan yeni məktəb binasında məktəblilərin təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Qazaxbəyli kəndində inşa edilmiş iki mərtəbədən ibarət 180 yerlik yeni məktəb binası yeni dərs ilində müəllim və şagirdlərin sevincinə səbəb olmuşdur. Geniş sinif otaqları, fənn kabinələri, laboratoriyalar pedaqoji kollektivin ixtiyarına verilmişdir.
Şəhər 4 saylı tam orta məktəbin binası da yeni tikilmişdir. 360 yerlik olan üç mərtəbəli yeni məktəb binasının maddi-texniki bazası gücləndirilmiş, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hər cür şərait yaradılmışdır.
Şəhər orta ümumi məktəbi də yeni dərs ilinə yeniliklərlə qədəm qoymuşdur. Məktəbin binası əsaslı şəkildə təmir olunmuş, 80 şagird yerlik yeni sinif otaqları tikilib istifadəyə verilmişdir. Burada da şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait vardır. İstifadəyə verilən məktəb binalarının bütün hamısı istilik sistemi ilə tam təchiz olunmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov yeni məktəb binalarının açılış mərasimlərində iştirak edərək “Bilik günü” və yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik etmişdir.
Onu da qeyd edək ki, rayonun Canalı kəndində tikilməkdə olan 220 yerlik məktəb binasında son tamamlama işləri görülür. Yaxın günlərdə yeni məktəb binası istifadəyə veriləcəkdir.
Məktəb tikintisi bununla yekunlaşmır. Yaxın vaxtlarda rayonun Daş Salahlı, Çaylı, Ürkməzli və Xanlıqlar kəndlərində də yeni məktəb binalarının tikintisinə başlanacaqdır. Xanbağı kənd tam orta məktəbinin binası isə əsaslı şəkildə təmir olunacaqdır.
 

Keçidlər